REGİONLAR
Qəbələnin daha 3 kəndində yeni məktəb binaları qapılarını müəllim və şagirdlərini üzünə açıb
AZƏRTAC xəbər verir ki, bayram şənliklərində rayon icra hakimiyyətinin, təhsil şöbəsinin nümayəndələri, müəllimlər, şagirdlər və valideynlər iştirak ediblər.
Tədbirlərdə son illər sürətli inkişaf yoluna qədəm qoyan Qəbələ rayonunda təhsil sahəsinə göstərilən qayğıdan danışılıb. Mərasimlərdə iştirak edən Azərbaycan Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Fəttah Heydərov, Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev müəllim və şagirdlər, kənd ictimaiyyəti qarşısında çıxış edərkən təməli ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş təhsilə dövlət qayğısı ənənələrinin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi və inkişaf etdirilməsi istiqamətində görülən işlərdən ətraflı danışıblar.
Natiqlər Azərbaycan təhsilinin zəngin və mütərəqqi ənənələrə, milli-mənəvi və ümumbəşəri dəyərlərə, beynəlxalq təcrübəyə əsaslanaraq daha da inkişaf etdirilməsi sahəsində görülən işlərdən söz açıblar. Onlar “Bilik Günü” bayramı, yeni dərs ilinin başlanması və təzə məktəb binalarının açılışı münasibətilə tədris ocaqlarının pedaqoji kollektivlərini, şagirdləri və valideynləri təbrik edib, onlara uğurlar arzulayıblar.
Mərasimlərdə qeyd edilib ki, ötən 10 ildə rayonda 28 yeni məktəb binası inşa edilib, 4 məktəb binası əsaslı təmir olunub, istifadəyə verilən məktəblərin hər birində müasir texniki avadanlıqlar quraşdırılıb, kitabxanalar, idman zalları, fənn kabinetləri, laboratoriyalar yaradılıb, müasir kompyuterlər şagird və müəllimlərin ixtiyarına verilib. Bildirilib ki, 2014-2015-ci tədris ilinə hazırlıq məqsədilə bütün məktəblərdə cari təmir işləri aparılıb, təhsil ocaqları yeni inventar və avadanlıqlarla təchiz olunub.
Daha sonra yeni istifadəyə verilən məktəblərin birinci sinif şagirdlərinə dərs ləvazimatları və çantalar hədiyyə olunub.