Qəbələnin ətlik-südlük heyvandarlıq kompleksləri rayonda bu sahənin inkişafına mühüm töhfə veriblər
Qəbələ, 11 yanvar, Şahnəzər Bəşirov, AZƏRTAC
Qəbələ rayonunda heyvandarlığın inkişafı istiqamətində görülən işlər müsbət nəticə verməkdədir. Rayonda yaradılan iki müasir heyvandarlıq kompleksi ildən-ilə öz imkanlarını genişləndirir, daha səmərəli fəaliyyət göstərərək mal-qaranın sayının, ət və süd istehsalının artmasına töhfə verir.
AZƏRTAC xəbər verir ki, “Qəbələ-Aqro Kompleks” MMC tərəfindən rayonun Vəndam qəsəbəsində yaradılan 620 başlıq müasir ətlik-südlük heyvandarlıq kompleksi 2013-cü ildə dövlətimizin başçısı İlham Əliyevin iştirakı ilə istifadəyə verilib. Müəssisə heyvandarlıq və bitkiçilik sahəsində inkişafını uğurla davam etdirir. Kompleksin nəzdində damazlıq heyvandarlıq təsərrüfatı da yaradılıb. Kompleksdə bəslənilən iribuynuzlu heyvanların yemlə təmin edilməsi məqsədilə rayonda 1554 hektar ərazisi olan yem təsərrüfatı yaradılıb. Bu ərazidə hər il müxtəlif növ yem bitkiləri əkilir. Müəssisənin xüsusi yem sexi və 5 silos quyusu var. Prezident İlham Əliyevin aqrar sahədə həyata keçirdiyi uğurlu islahatlar nəticəsində gündən-günə inkişaf edən bu heyvandarlıq kompleksi ölkəmizdə ilk dəfə olaraq Tükmənistana 244 baş damazlıq düyə ixrac edib.
Kompleksə Almaniyadan gətirilən iribuynuzlu heyvanlara düzgün qulluq göstərilir, onların sağlamlığı və qidalanması mütəxəssislər tərəfindən daim diqqət mərkəzində saxlanılır. Əldə edilən sağlam balalar hesabına kompleksdəki heyvanların sayı artırılaraq 1700 başa çatdırılıb. Gün ərzində hər inəkdən 21,6 litr süd sağılır.
Bundan əlavə, 2012-ci ildə Qəbələ rayonunun Ovculu kəndində yaradılan 650 başlıq ətlik-südlük iri heyvandarlıq kompleksində isə yeni doğulan sağlam balalar hesabına mal-qaranın 1791 başa çatdırılıb. Bunun 402 başı sağmal inəklərdir ki, onların da hər birindən gün ərzində 25 litr süd sağılır. Kompleksin illik süd istehsalı 6525 litrə çatdırılıb.
Həmçinin son bir ildə rayondakı fərdi təsərrüfatlarda iri və xırda buynuzlu mal-qaranın, eləcə də damazlıq heyvanların baş sayı xeyli artırılıb, süni mayalandırma işləri sürətləndirilib. Son vaxtlar rayonda süni mayalanma tədbirlərinin genişləndirilməsi heyvandarlıq sahəsinin inkişafına xeyli təkan verib. Mal-qaranın damazlıq keyfiyyətinin yaxşılaşdırılması, ət və süd istehsalının artırılması, təbii cütləşmə yolu ilə yayılan xəstəliklərin qarşısının alınması, mal-qaranın qısırlığına qarşı mübarizə aparılması və heyvandarlıq təsərrüfatının iqtisadi səmərəliliyinin artırılması məqsədilə Qəbələdə süni mayalama məntəqələri yaradılıb. Bugünədək rayonda iri buynuzlu mal-qaranın sayı 46 min 272 baş, o cümlədən inək və camışlar 23 min 402 baş, qoyun-keçilər 190 min 545 baş, donuzların sayı 1096 başa çatıb.