REGİONLAR
Qəbələyə gələn turistlərin sayı ildən-ilə artmaqdadır
Bakı, 25 may, AZƏRTAC
Mayın 23-24-də Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi və “Gilan turizm” şirkətinin təşkilatçılığı ilə Qəbələ rayonuna infotur keçirilib. “Qafqaz” hotellər şəbəkəsi və Qəbələ turlarının təqdimatı məqsədilə təşkil olunan səfərdə yerli turizm şirkətləri və media nümayəndələri iştirak ediblər.
Nazirlikdən AZƏRTAC-a bildiriblər ki, tur iştirakçılarına rayonun turizm potensialı, mövcud turizm marşrutları, Qəbələdə yaradılan yeni turizm obyektləri, “Qafqaz” hotellər şəbəkəsi barədə ətraflı məlumat verilib. Bildirilib ki, əsrarəngiz təbiəti, zəngin tarixi-mədəni irsi ilə tanınan Qəbələ rayonunda müasir səviyyəli geniş turizm infrastrukturu yaradılıb.
Prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində son illər regionların inkişafı daha da sürətlənib. Bu gün Qəbələ müxtəlif beynəlxalq mədəni, siyasi və ictimai tədbirlərin keçirildiyi məkana çevrilib. Qəbələ Azərbaycan turizminin inkişaf etdiyi əsas bölgələrdən biridir, buraya gələn turistlərin sayı ildən-ilə artmaqdadır.
İnfotur iştirakçıları Heydər Əliyev Konqres Mərkəzi, “Qafqaz Hotellər Şəbəkəsi”nə daxil olan - “Qafqaz Yeddi Gözəl”, “Qafqaz Yengicə İstisu” sanatoriyaları, “Qafqaz Sport Hotel”, “Qafqaz Karvansaray Hotel”, “Qafqaz Riverside Hotel”, “Qafqaz Resort Hotel”ləri, Tufandağ Qış-Yay İstirahət Kompleksi, “Qəbələnd” İstirahət Mərkəzi, “Qabala Shooting Club” ilə tanış olublar.