REGİONLAR
Qəbul imtahanlarında Samux rayonundan olan 241 abituriyentdən 120-si keçid balını toplayıb
Samux, 19 aprel, Rauf Hacıyev, AZƏRTAC
Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 2017/2018-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün keçirilən imtahanlarda Samux rayonunun bütün ümumtəhsil məktəblərində müsbət nəticə qeydə alınıb.
Bu barədə AZƏRTAC-a Samux rayon təhsil şöbəsinin ictimaiyyətlə əlaqələr üzrə məsul şəxsi Nurəddin Babayev məlumat verib.
Nurəddin Babayev bildirib ki, 2016-2017-ci tədris ilində Samux rayon üzrə 23 tam orta məktəbdə 485 nəfər şagird 11-ci sinifdə təhsil alıb. Həmin şagirdlərdən 241 nəfəri ali məktəbə qəbul imtahanının birinci mərhələsində iştirak etmək üçün sənəd verib. Dövlət İmtahan Mərkəzi tərəfindən ali təhsil müəssisələrinə qəbul üçün keçirilən imtahanlarda iştirak edənlərdən 120 abituriyent keçid balını toplayıb. Abituriyentlərdən 16 nəfəri 400-600 bal toplayıb, 3 nəfərin nəticəsi isə 600 baldan yüksək olub.