ELM VƏ TƏHSİL
Qəbul imtahanlarında hər ixtisas qrupunda üç fənn üzrə açıq tipli test tapşırığının istifadəsi nəzərdə tutulur
Bakı, 25 noyabr, AZƏRTAC
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) ali təhsil müəssisələrinə builki qəbul imtahanlarında 600-dən yuxarı bal toplamış gənclərin ictimaiyyətə tanıdılması, təcrübələrinin öyrənilməsi və yayılması məqsədilə “Abituriyent” jurnalının 11-ci nömrəsini onlara həsr edib.
Bu barədə noyabrın 25-də Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında keçirilən mətbuat konfransında məlumat verilib.
TQDK-nın sədri M. Abbaszadə bildirib ki, jurnalda ən yüksək nəticəli tələbələrə Prezident təqaüdünün verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 9 sentyabr tarixli Sərəncamı, Prezident təqaüdçüləri haqqında məlumat, ən yüksək nəticə göstərmiş gənclərlə müsahibələr və digər materiallar öz əksini tapıb.
Qeyd olunub ki, bu il ölkəmizin ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanlarında 92 min 643 abituriyent iştirak edib. Onlardan 1727-si 600-dən yuxarı nəticə göstərib.
M. Abbaszadə 2015-ci ildə keçiriləcək qəbul və buraxılış imtahanlarında tətbiq olunacaq yeniliklərdən də bəhs edib.
Bildirilib ki, qəbul imtahanlarında 2010-2014-cü illərdə hər ixtisas qrupunda iki fəndən açıq tipli test tapşırıqlarından istifadə olunub. 2015-ci ilin qəbul imtahanlarında uyğunluğu müəyyən etmək tapşırıqlarının sayının 1 ədəd azaldılması və hər ixtisas qrupunda üçüncü bir fəndən açıq tipli test tapşırıqlarının istifadəsi planlaşdırılır.
Qəbul imtahanlarında 2015-ci ildə hər ixtisas qrupunda üç fənn üzrə hər birində 4 ədəd açıq tipli test tapşırığının istifadəsi nəzərdə tutulur.
Sonra jurnalistləri maraqlandıran suallara cavab verilib.