ELM VƏ TƏHSİL
Qəbul imtahanlarında iştirak edən şimal bölgəsinin məzunları Xaçmaz şəhərində biliklərini sınayıblar VİDEO
Xaçmaz, 14 iyul, Elxan Yusifli, AZƏRTAC
İyulun 14-də Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) tərəfindən I və IV ixtisas qrupları üzrə keçirilən qəbul imtahanlarında iştirak edən şimal bölgəsinin məzunları Xaçmaz şəhərində biliklərini sınayıblar.
AZƏRTAC xəbər verir ki, bu bölgədən olan 2015/2016-cı tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə qəbul olmaq istəyən 1069 məzun iki mərkəzdə - akademik Zərifə Əliyeva adına 8 saylı məktəb-liseydə və şəhər 9 saylı məktəbdə imtahan veriblər.
TQDK-nın Xaçmaz regional bölməsinin müdiri Elmir Şirinov AZƏRTAC-a müsahibəsində bildirib ki, hər iki mərkəzdə imtahanların keçirilməsi üçün ideal şərait yaradılıb. İmtahanlara 105 nəzarətçi müəllim, o cümlədən 8 imtahan rəhbəri cəlb olunub.
İmtahanda abituriyentlərə hər fəndən 25 test tapşırığı olmaqla, ümumilikdə 125 sual təqdim edilib. I ixtisas qrupunda riyaziyyat, fizika və kimya fənlərindən, IV ixtisas qrupunda isə riyaziyyat, kimya və biologiya fənlərindən son 4 sual açıq tipli test tapşırıqları olub.
Akademik Zərifə Əliyeva adına 8 saylı məktəb-liseydə imtahan rəhbəri olan Rafiq Sadiqov AZƏRTAC-a müsahibəsində imtahanların nəzərdə tutulan qaydalara uyğun başlandığını qeyd edib. “İmtahan mərkəzlərində şagirdlərin sərbəst şəkildə biliklərini nümayiş etdirmələri üçün hər bir şərait yaradılıb. İmtahan saat 11:00-da başlayıb və 3 saat davam edib. Proses zamanı hər hansı ciddi qayda pozuntusu qeydə alınmayıb”.
İmtahan Xaçmazla yanaşı, respublikanın daha 10 şəhər və rayonunda, ümumilikdə 47 binada aparılıb.
Bütün qruplar üzrə müsabiqədə iştirak hüququ qazanan abituriyentlərin (həm əvvəlki, həm də cari ilin məzunları) ixtisas seçimi internet vasitəsilə iyulun 30-dan avqustun 11-dək aparılacaq.