REGİONLAR
Qəbul imtahanlarında qanun pozuntusu qeydə alınmayıb
Şəki, 30 aprel, Mustafa Dadaşov, AZƏRTAC
Dövlət İmtahan Mərkəzinin (DİM) aprelin 30-da qurumun Şəki regional bölməsinin əhatə etdiyi Şəki və Mingəçevir şəhərlərində 2017/2018-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə qəbul olunmaq istəyən abituriyentlər üçün II və III ixtisas qrupları üzrə keçirdiyi qəbul imtahanları uğurla başa çatıb.
AZƏRTAC xəbər verir ki, imtahanların keçirilməsi üçün Şəki şəhərində 4, Mingəçevirdə isə 3 imtahan mərkəzi ayrılıb.
Şəki şəhərində imtahanlar 8 və 12 nömrəli tam orta məktəblərdə, həmçinin fizika-riyaziyyat və humanitar təmayüllü lisey və Qoxmuq kənd tam orta məktəbində təşkil olunub. İmtahanlarda ümumilikdə, 2064 abituriyentin iştirakı nəzərdə tutulub. İmtahanların idarə olunmasına 14 imtahan rəhbəri və 164 nəzarətçi-müəllim cəlb olunub.
Mingəçevir şəhərində isə qəbul imtahanları 18 nömrəli tam orta məktəb, texniki-humanitar, həmçinin təbiət-riyaziyyat və humanitar liseylərdə təşkil olunub. İmtahanlarda, ümumilikdə, 1471 abituriyentin iştirakı nəzərdə tutulub. İmtahanların gedişinə 12 imtahan rəhbəri və 134 nəzarətçi-müəllim nəzarət edib.
AZƏRTAC-ın müxbiri Şəki şəhərindəki fizika-riyaziyyat və humanitar təmayüllü liseydə keçirilən imtahanın gedişi ilə maraqlanıb. Qəbul imtahanlarının keçirilməsi üçün binada 24 zal ayrılıb. İmtahanlar təlimata uyğun olaraq saat 11.00-da başlanıb.
İmtahan rəhbəri İradə Zeynalovanın bildirdiyinə görə, imtahan prosesində heç bir qanun pozuntusu qeydə alınmayıb.
Dövlət İmtahan Mərkəzinin Şəki regional bölməsinin müdiri Səbuhi Hüseynovun verdiyi məlumata görə, qurumun əhatə etdiyi bütün imtahan mərkəzlərində qəbul imtahanları mövcud təlimata uyğun aparılıb və heç bir qanun pozuntusuna yol verilmədən müəyyən olunmuş vaxtda uğurla başa çatıb.