ELM VƏ TƏHSİL
Qəbul imtahanlarında yüksək nəticə göstərən məzunlar mükafatlandırılıb
Bakı, 8 sentyabr, AZƏRTAC
Sentyabrın 8-də Qaradağ Rayon İcra Hakimiyyətində 2015-2016-cı tədris ilində ali məktəblərə qəbul imtahanlarında 600-dən yuxarı bal toplamış rayon gəncləri ilə görüş keçirilib.
Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildirilib ki, qəbul imtahanlarında yüksək bal toplamış gənclərə xatirə hədiyyələri və pul mükafatı təqdim olunub.
Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, Milli Məclisin deputatı, YAP Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov, məktəb direktorları, valideynlər, ali məktəblərə qəbul imtahanlarında 600-dən yuxarı bal toplayan 33 məzun iştirak edib.
Tədbirdə çıxış edən Süleyman Mikayılov tələbə adını qazananları təbrik edərək onlara şəxsi həyatlarında və təhsildə uğurlar arzulayıb. Qeyd edib ki, ölkəmizdə əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş və bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən milli təhsil quruculuğu və islahatları öz töhfələrini verməkdədir. Məktəb binalarının inşası, təhsil müəssisələrinin maddi-tədris bazalarının möhkəmləndirilməsi, informasiya və kommunikasiya texnologiyaları ilə təmin edilməsi təhsilin keyfiyyətinə də öz müsbət təsirlərini göstərib. Bundan başqa Heydər Əliyev Fondunun bu sahədə gördüyü işlər misilsizdir. Hər il rayon üzrə ali məktəblərə qəbul olan, 600-dən çox bal toplayıb, tələbə adını qazanan məzunların sayının artması dövlətimiz tərəfindən təhsilə göstərilən diqqətin nəticəsidir.
Bildirilib ki, bu il Qaradağ rayonu üzrə orta məktəbi 1298 nəfər bitirib. Onlardan 937-i qəbul imtahanlarında iştirak edib və 537 nəfər tələbə adını qazanıb. Məzunlardan 33 nəfər 600-dən yuxarı bal toplayıb. Onlardan Arzu Rəşidli 692 bal, Məmməd Şükürlü 682 bal və Ayşə Sadıqova 680 bal toplayaraq Azərbaycanın ən nüfuzlu ali təhsil ocaqlarına qəbul olunub.
Daha sonra çıxış edən tələbə adını qazanmış məzunlar, direktorlar göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə öz dərin minnətdarlıqlarını bildiriblər.