ELM VƏ TƏHSİL
Qəbul proqramları və qiymətləndirmə meyarları təsdiqlənib
Bakı, 28 noyabr, AZƏRTAC
2016/2017-ci tədris ili üçün xüsusi qabiliyyət tələb edən ixtisaslara qəbula hazırlıq işləri çərçivəsində ali təhsil müəssisələrinin xüsusi qabiliyyət tələb edən xalq çalğı alətləri ifaçılığı, musiqi müəllimliyi ixtisasları üzrə elmi-metodik seminar olub.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) AZƏRTAC-a bildiriblər ki, müvafiq ixtisaslar üzrə mütəxəssis hazırlığı aparılan təhsil müəssisələrinin nümayəndələrinin iştirak etdikləri seminarda müzakirə olunacaq imtahan proqramları və qiymətləndirmə meyarları haqqında məlumat verilib. Seçmə turların və qabiliyyət imtahanlarının daha səmərəli təşkili üçün təkliflər müzakirə olunub.
Xalq çalğı alətləri ifaçılığı, musiqi müəllimliyi ixtisasları üzrə qəbul proqramları və qiymətləndirmə meyarları müzakirələrdən sonra təsdiqlənib. Həmin proqramlar və qiymətləndirmə meyarları TQDK tərəfindən nəşr edilən “Musiqi sənəti” vəsaitində veriləcək.