REGİONLAR
Qəbulda Tovuz, Qazax və Ağstafa rayonlarından olan vətəndaşların müraciətlərinə baxılıb VİDEO
AZƏRTAC xəbər verir ki, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq sentyabrın 26-da Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə Tovuz şəhərindəki Olimpiya və İdman Kompleksində vətəndaşları qəbul edib.
Qəbuldan əvvəl TQDK-nın sədri rayon rəhbərliyi ilə birgə Tovuz şəhərindəki Heydər Əliyev parkında Ümummilli Liderin abidəsi önünə tər çiçək dəstələri qoyaraq xatirəsini ehtiramla yad edib.
Qəbulda Tovuz rayonunun sakinləri ilə yanaşı, Qazax və Ağstafa rayonlarından olan vətəndaşların da müraciətlərinə baxılıb, onların şikayət və təklifləri dinlənilib.
Vətəndaşlar TQDK-nın sədrinə ikinci ali təhsil, buraxılış imtahanları, ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanları, qabiliyyət imtahanları və s. məsələlərə dair rəy və sorğularını çatdırıblar.
Bütün müraciətlərin qeydiyyatı aparılıb, onların əksəriyyətinin həll olunması üçün müvafiq tapşırıqlar verilib. Bəzi vətəndaşların TQDK-nın səlahiyyətlərinə aid olmayan müraciətləri isə müvafiq təşkilatlara çatdırılmaq üçün qeydiyyata alınıb.
Vətəndaşlar yaradılan bu şəraitə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.