MƏDƏNİYYƏT
Qəbullar zamanı verilən təkliflər ümumi işin həcminə və keyfiyyətinə öz təsirini göstərəcək VİDEO
Qax, 25 iyul (AZƏRTAC). Ənənəyə sadiq qalaraq biz bu gün Qax şəhərində vətəndaşların növbəti qəbulunu keçirdik, 30-a yaxın vətəndaşın müraciət və təklifini dinləyib müzakirə etdik. Yaxşı haldır ki, vətəndaşlar tarixi abidələrin vəziyyəti, onların turizm marşrutlarına daxil edilməsi ilə bağlı məsələləri böyük həssaslıqla qaldırırlar.
AZƏRTAC xəbər verir ki, bu fikirləri mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Qaxda vətəndaşların qəbulu zamanı jurnalistlərə müsahibəsində bildirib.
Əbülfəs Qarayev daha sonra deyib: “Real olaraq son illər bu regionun inkişafı, yolların, şəhərlərin abadlaşdırılması, yeni müəssisələrin yaradılması, Prezident İlham Əliyevin şəxsən iştirakı ilə bir sıra turizm obyektlərinin açılması bir daha sübut edir ki, sözügedən bölgə turizm baxımından çox əlverişli və cəlbedici məkandır”.
Mədəniyyət və turizm naziri bildirib ki, qəbulda belə məsələlərin qaldırılması çox məntiqlidir. Vətəndaşlar istəyirlər ki, bu yerlərin böyük sərvəti olan tarixi abidələr konservasiya olunaraq turizm marşrutuna daxil edilsin və yenidən buraya səfər edən insanların üzünə açılsın, Azərbaycan tarixi daha geniş təbliğ olunsun.
Qəbul zamanı vətəndaşlar tərəfindən maraqlı təkliflərin də irəli sürüldüyünü diqqətə çatdıran Əbülfəs Qarayev burada səslənən təkliflərin bir daha araşdırılacağını, onların həlli üçün lazımi işlərin aparılacağını bildirdi. Qeyd olundu ki, yerlərdən gələn bütün bu təkliflər, təşəbbüslər ümumi işin həcminə və keyfiyyətinə öz təsirini göstərəcək. Bu qəbullar bir daha sübut edir ki, dövlətimizin başçısının təşəbbüsü və tapşırığı ilə keçirilən bu tədbirlər çox səmərəlidir və ümumi işin irəliləyişinə müsbət təsir göstərir.