REGİONLAR
Qəçrəş kəndinin mənzərələri rəssamların gözü ilə VİDEO
Quba, 19 oktyabr, Elxan Yusifli, AZƏRTAC
Qubanın ən mənzərəli yerlərindən sayılan Qəçrəş kəndi bu dəfə Beynəlxalq Aktivist Sənətçilər Birliyi Azərbaycan təmsilçiliyinin üzvü olan rəssamların diqqətini çəkib. Fırça ustaları “Yurdumuzu qarış-qarış gəzək” layihəsi çərçivəsində Qəçrəş kəndinə gələrək, buradakı təbiət mənzərələrini kətan üzərində canlandırıblar.
AZƏRTAC xəbər verir ki, oktyabrın 18-də açıq səma altında keçirilən plenar etüdə 16 rəssam və 2 fotoqraf qatılıb. Kəndin müxtəlif yerlərində düşərgə salan rəssamlar təbiət mənzərələrini kağız və kətan üzərində təsvir ediblər. Sənətçilərin əsas məqsədi Azərbaycanın əsrarəngiz təbiət mənzərələrinin incəsənət vurğunları arasında təbliğindən ibarətdir. Rəssamlar layihə çərçivəsində ərsəyə gələn əsərlərin satışından əldə olunan vəsaiti xeyriyyə məqsədi ilə istifadə edəcəklər.
Qəçrəş turundan öncə fırça ustaları İsmayıllı rayonunda və Xəzər dənizi sahilində rəsm əsərləri və fotolar çəkiblər. Növbəti səfərlər isə Gədəbəy rayonuna, Kəpəz dağı və Göygölə olacaq.