REGİONLAR


Qədim Alban məskəni - Qalatəpədə arxeoloji tədqiqatlar davam etdirilir

A+ A

Ağcabədi, 31 avqust, Tahir Ağaməmmədov, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutunun Mil-Qarabağ ekspedisiyası bu ilin yay aylarında Qalatəpə antik və orta əsr şəhər məskənində arxeoloji tədqiqatları davam etdirib.

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi, Mil-Qarabağ ekspedisiyası Qalatəpə dəstəsinin rəhbəri Təvəkkül Əliyev AZƏRTAC-a bildirib ki, düzən Qarabağda – Ağcabədi rayonu ərazisində, Qarqarçayın sağ sahilində yerləşən və ümumi sahəsi 26 hektar olan bu qədim yaşayış yerində araşdırmalar 2008-ci ildən aparılır. Əvvəlcə 300 kvadratmetr sahədə 10 metrə yaxın qalınlığı olan mədəni təbəqə öyrənilib. Burada orta əsrlərə aid bişmiş kərpicdən tikili qalıqları, antik dönəmdən qalma çiy kərpicdən möhtəşəm müdafiə sədlərinin bir hissəsi və ictimai bina üzə çıxarılıb. Abidənin yaxınlığındakı küp və torpaq qəbirlərdən ibarət nekropoldan əldə edilən arxeoloji materiallar Qalatəpə yaşayış məskəninin antik dövr təbəqəsinin tədqiqində mühüm rol oynayır.

Qalatəpənin mədəni təbəqələri arasında keçidi daha ətraflı araşdırmaq məqsədilə ikinci qazıntı sahəsi də tədqiqata cəlb edilib. 2013-2015-ci illərdə burada 200 kvadratmetr sahədə qazıntı işləri aparılıb, 1,6 metrə yaxın qalınlığı olan mədəni təbəqə öyrənilib.

Bu il isə əsas diqqət digər sahələrin tədqiqinə yönəlib. Burada orta əsrlərə aid bişmiş və çiy kərpiclərdən tikili qalıqları, təsərrüfat quyuları, təndir qurğuları açılıb. Əldə edilən arxeoloji materiallar sırasına şirli və şirsiz saxsı qab nümunələri, daşdan əmək alətləri, şüşə və dəmir əşyalar daxildir. Burada 1D kvadratı adlandırılan sahədə qərb divarı önündə – 1,2 metr dərinlikdə iki, bəzi hissədə üç qat suvanıb üzərinə şirə çəkilmiş döşəmə qalığına rast gəlinib. 2D kvadratında isə həmin səviyyədə bir hissəsi döşəmədə qazılmaqla qurulan, içərisində xeyli kül qalığı olan ocaq yeri diqqəti cəlb edir. Diametri 0,85 santimetr olan və formaca konsentrik dairədən ibarət bu ocaq qurğusunun yan divarlarının qalınlığı 2 santimetr, hündürlüyü isə 0,27 santimetrdir. Möhkəmləndirmə məqsədilə yan divarların ətrafı 5-7 santimetr enində möhrə ilə əhatəyə alınıb, gillə suvanıb. Ocaq qurğusunun ətrafı təmizlənərkən 1,18-1,2 metr dərinlikdən bir ədəd qara cilalı kiçik küpə və ya dolça tipli qabın ağız hissəsi, qırmızımtıl qabın gövdə hissəsi əldə edilib. Bu nümunələr inkişaf etmiş orta əsrlərə deyil, daha erkən dövrə – IV-VII əsrlərə aid edilə bilər. Göstərilən qatdan aşağıda artıq şirli keramikaya rast gəlinmir.

Qalatəpədə aparılan tədqiqatlar bir daha təsdiq etdi ki, bu şəhər məskənində həyat monqolların ilk hücumlarından sonra sönüb. Bunu ikinci qazıntı sahəsinin 0,4-0,6 metr dərinlikdə yerləşən mədəni qatında aydın müşahidə etmək mümkündür: dəmirdən iri ox ucu, ocaq üstündə qalan bütöv qazanlar (birinin üzərində qapaq da var), çaynik tipli təkqulp qab və küpə, digər gözəl şirli qablar deyiləni təsdiq edir. Abidədə erkən orta əsr təbəqəsinə aiddir və 1,2 metr dərinlikdən başlayır. Gələcək tədqiqatlar qeyd olunan qazıntı sahəsində həm erkən orta əsr, həm də antik dövr təbəqələrinin araşdırılmasına imkan verəcək.

Arxeoloq qeyd edib ki, Qalatəpə şəhər yerindən və nekropolundan əldə edilən qədim artefaktlar bilavasitə Albaniyanın Ayniana və ya Enian şəhəri haqqında məlumat vermiş Strabonun yaşadığı dövrlə üst-üstə düşür. Bu şəhər hələ e.ə. III-II əsrlərdə meydana gəlib. E.ə. I – b.e.-nın II əsrlərində şəhərdə gur həyat olmuş, memarlıq, sənətkarlıq, qonşu regionlarla, o cümlədən Roma imperiyası və onun əyalətləri ilə mədəni-iqtisadi, ticarət əlaqələri yüksək inkişaf etmişdir. III əsrdən başlanan Sasani-Roma, sonrakı əsrlərdə isə Sasani-Bizans, Sasani-Ərəb və Ərəb-Xəzər müharibələri zamanı döyüş meydanı olan Mil-Qarabağ düzündə, o cümlədən qədim Ayniana (Enian) şəhərində həyat ritmi pozulmuşdur. Ötən əsrin ortalarında Qalatəpə yaxınlığındakı məşhur Üçtəpə kurqanlarından birində Xəzər döyüşçü-sərkərdəsinə məxsus sallama qəbirə rast gəlinməsi də erkən orta əsrlərdə bu ərazilərdə getmiş qızğın döyüşlərdən xəbər verir.

IX-X əsrlərdə – Xilafətin tənəzzülü zamanı Qalatəpə şəhər yerində həyat yenidən canlanmış, lakin XIII əsrin əvvəllərində monqol yürüşləri nəticəsində antik dövrdə Ayniana – Enian–Xanxan, orta əsrlərdə isə Yunan adlandırılmış qədim alban şəhəri qəti şəkildə süquta uğramışdır.

Arxeoloqun dediyinə görə, Qalatəpə arxeoloji dəstəsi 2016-cı ildə Ağcabədi rayonunun digər ərazilərində də kəşfiyyat-axtarış işləri aparıb. Minaxorlu kəndi yaxınlığında, Qarqarçayın yatağında erkən dəmir dövrünə aid təsərrüfat küpləri açılıb öyrənilib. Yeni Qaradolaq kəndinin ətrafında Ellinizm dövrünə – e.ə. III-I əsrlərə aid küp qəbirlərindən ibarət nekropolun açılması da böyük maraq doğurur. Yerli sakinlərdən birinin tapdığı oynoxoya tipli maye qabı çox gözəl hazırlanıb.

“Dağılmış küp qəbirlərdən biri təmizlənərkən formaca nadir hallarda rast gəlinən dəfn küpü ilə qarşılaşdıq. Onun ağzının kənarında qısa, lakin çıxıntı halında iri qoşa çubuqvari qulpu var, küpün gövdəsi ilə oturacağının birləşdiyi yerdə isə dəlik açılmış və kənarlarına iki saxsı parçası yapışdırılıb. Təəssüf ki, dəfn küpünün içərisi su və palçıqla dolduğundan buradakı skelet qalıqları, saxsı və metal nümunələri dağılıb. Oradan yalnız bir ədəd bardaq tipli qab və qara cilalı camın hissələrini əldə etmək mümkün olub. Bu qiymətli abidənin təcili tədqiq edilməsinə ehtiyac duyulur”, – deyə Təvəkkül Əliyev bildirib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.