MƏDƏNİYYƏT
Qədim Buxarada “İpək və ədviyyatlar” adlı 15-ci beynəlxalq festival və konfrans keçirilib
Buxara, 29 may, AZƏRTAC
Qədim Buxara şəhərində “İpək və ədviyyatlar” adlı 15-ci beynəlxalq festival və konfrans keçirilib.
Ənənəvi festivala hər il dünyanın müxtəlif ölkələrindən minlərlə turist gəlir. Onlar alış-veriş etməklə bərabər, Buxaranın zəngin keçmişindən və təkrarolunmaz mədəni irsindən xəbər verən 400-dən çox təkrarsız tarixi abidəyə maraqla baxırlar.
Satış-sərgidə Buxaranın mis üzərində döymə, dulusçuluq və zərgərlik məmulatları, qobelenlər, atlas parçalar, araxçınlar, çini qablar, yun və ipəkdən hazırlanan milli geyimlər, ağac üzərində oyma işləri, muncuq işləmələri, müxtəlif ədviyyatlar, müalicəvi otlardan hazırlanan dərmanlar nümayiş etdirilib.
Beynəlxalq təşkilatlardan, dünya dövlətlərindən nümayəndələrin iştirak etdikləri konfransda Azərbaycanı Bakı Dövlət Universitetinin professoru Rəna İbrahimbəyova və kəlağayı istehsalı ilə məşğul olan “Cahangir-T” firmasının rəhbəri Cəlil Tarıverdiyev təmsil edib.
R.İbrahimbəyova çıxışında Azərbaycanda ipəkçilik sənətinin dirçəldilməsi və kəlağayı haqqında ətraflı məlumat verib. Bildirilib ki, Basqal qəsəbəsində qədim zamanlarda ipək parçalar, o cümlədən kəlağayı istehsal olunub və bu iş indi də davam etdirilir. 2014-cü ildə Azərbaycan kəlağayısı UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilib.
Cəlil Tarıverdiyev Böyük İpək yolu üzrə xüsusi turizm marşrutlarının yaradılmasını təklif edərək deyib ki, bu işə Buxara və Basqal əlaqələrinin inkişaf etdirilməsindən başlamaq mümkündür.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Buxara