MƏDƏNİYYƏT
Qədim Musiqi Alətləri Ansamblı Koreyada keçirilən festivalda iştirak edəcək
Bakı, 27 iyul, AZƏRTAC
Avqustun 21-dən oktyabrın 18-dək Koreyanın Gyeongju şəhərində “Gyeongju İpək Yolu” adlı festivalı keçiriləcək.
Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Azərbaycan incəsənət ustaları da tədbirdə iştirak edəcəklər.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, festivalda avqustun 25-dən 30-dək Azərbaycan günü elan edilib. Bununla əlaqədar bir həftə ərzində Azərbaycan Dövlət Rəqs Ansamblının, Qədim Musiqi Alətləri Ansamblının, bir pianoçunun, iki nəfər opera müğənnimizin və Qəbələ şəhərində fəaliyyət göstərən iki saz ifaçısının mədəniyyət proqramı ilə çıxışları gözlənilir.
Bildirilib ki, Azərbaycan ilə Koreya arasında mədəniyyət və turizm sahələrində əlaqələrin genişləndirilməsi və milli musiqi mədəniyyətimizin ölkəmizin hüdudlarından kənarda təbliği məqsədilə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin nəzdində fəaliyyət göstərən Qədim Musiqi Alətləri Ansamblının 13 nəfərdən ibarət üzvü avqustun 18-dən 27–dək 10 gün müddətinə Koreyanın Gyeongju şəhərinə səfər edəcək.
Avqustun 30-da Koreyada Azərbaycan günü konsert proqramı ilə başa çatacaq.
Festival çərçivəsində Gyeongju şəhəri ilə Qəbələ şəhəri arasında qardaşlıq memorandumunun da imzalanması planlaşdırılır.