REGİONLAR


Qədim Şəki növbəti beynəlxalq musiqi bayramına hazırlaşır

Şəki, 26 iyun, Mustafa Dadaşov, AZƏRTAC

Xəbər verdiyimiz kimi, iyunun 27-də Şəkidə “İpək Yolu” VIII Beynəlxalq Musiqi Festivalı başlayacaq.

Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, Azərbaycan Bəstəkarlar İttifaqının və Şəki Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçiriləcək musiqi festivalında bir sıra xarici ölkələrin, eləcə də Azərbaycanın tanınmış musiqi kollektivləri iştirak edəcək.

AZƏRTAC xəbər verir ki, hazırda Şəkidə festivala son hazırlıq işləri görülür. Tədbirlərin keçiriləcəyi tarixi məkanlar, konsert zalları hazır vəziyyətə gətirilib, şəhərin müxtəlif guşələrində festivalla bağlı reklam lövhələri qoyulub.

Festivala hazırlıq üzrə təşkilat komitəsinin üzvü, şəhər icra hakimiyyəti başçısının müavini Zərinə Cavadova AZƏRTAC-a bildirib ki, festivalın təntənəli açılış mərasimi iyunun 27-də axşam “Marxal” istirahət kompleksinin Yay Teatrında keçiriləcək. Festival Əməkdar İncəsənət Xadimi, bəstəkar Aygün Səmədzadənin müəllif gecəsi ilə açılacaq.

Festival çərçivəsində növbəti günlərdə Yaponiyadan, Polşadan, Macarıstandan, İrandan, Türkiyədən və Gürcüstandan gəlmiş rəqs və musiqi qrupları, ifaçılar, həmçinin Azərbaycanın musiqi kollektivləri yerli tamaşaçılar qarşısında rəngarəng konsert proqramları ilə çıxış edəcəklər.

Şəki “İpək Yolu” VIII Beynəlxalq musiqi festivalına iyulun 1-də yekun vurulacaq. Bağlanış mərasimində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin Qədim Musiqi Alətləri Ansamblı çıxış edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.