REGİONLAR


Qədim el sənəti nəsildən-nəslə ötürülür VİDEO

A+ A

Qazax, 10 noyabr, Famil Quliyev, AZƏRTAC

Su həyat mənbəyidir. Lakin o, təmiz halda qəbul edilməlidir ki, orqanizmə zərərli maddələr getməsin. Sutəmizləyən vasitələrdən olan susüzən daşlardan ta qədimdən istifadə olunub. Hazırda belə təbii daşları yonub istifadəyə hazır vəziyyətə gətirənlərin sayı elə də çox deyil. Belə insanlardan biri də Qazaxın Aslanbəyli kəndində yaşayan Qoca Məmmədovdur.

AZƏRTAC xəbər verir ki, 73 yaşlı Qoca Məmmədov düz 50 ildir dağlardan qopardığı daşlardan susüzən daş hazırlayır. Bu su daşlarına tələbat da çoxdur. Suyun tərkibini təmizləyən, ziyanlı maddələri süzən daşdan çıxan təmiz su orqanizm üçün xeyirli və təhlükəsizdir.

Məmmədovlar ailəsinin çörəyi, sözün əsl mənasında, daşdan çıxır. Ailə üzvləri dağlardan qoparıb gətirdikləri xüsusi daşları yonub formaya salaraq, məişətdə istifadə halına gətirirlər. Bu peşəni indi oğluna öyrədən Qoca Məmmədov AZƏRTAC-a bildirib ki, gəlirli olduğu qədər də zəhmət tələb edən bu sənəti nəsildən-nəslə ötürüblər. Belə ki, bu sənəti o, atasından öyrənib.

Qoca ustanın oğlu da onunla bərabər uşaq yaşlarından külüng vurub, daş yonaraq su daşı düzəldir.

Dağlardan toplanan daşlar oyulur, içi su ilə doldurulub formaya salınır, sonra isə yonularaq hazır vəziyyətə gətirilir. Beləliklə, təbii su filtri hazırlanır. Daşa su töküldükdə o, süzülərək həm sərin, həm də təmiz olur. Lakin ondan istifadə edən şəxs mütəmadi olaraq daşa qulluq göstərməli, vaxtlı-vaxtında onun içərisini təmizləməlidir ki, su daşının ömrü uzun olsun. Daş 20 litr suyu təxminən 24 saata süzür.

Bir sözlə, çətin əl əməyi sonda öz bəhrəsini verir. Hazırda bu cür su daşına tələbat çoxdur. Usta mütəmadi olaraq bir çox şəhər və rayonlardan sifariş qəbul edir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.