REGİONLAR


Qədirbilən xalqımız Ulu Öndərin əziz xatirəsini daim uca tutur

Şəki-Zaqatala bölgəsi, 12 dekabr, Mustafa Dadaşov, AZƏRTAC

Hələ sağlığında milyonların qəlbində özünə əbədi abidə ucaldan ümummilli lider Heydər Əliyevin vəfatının on üçüncü ildönümü Şəki-Zaqatala bölgəsində silsilə tədbirlərlə qeyd olunub.

AZƏRTAC xəbər verir ki, Şəkidə Ulu Öndərə həsr olunan xatirə tədbirləri on gündür davam edir. Dekabrın əvvəlində başlanan xatirə ongünlüyü çərçivəsində rayonun idarə, müəssisə və təşkilatlarında, mədəniyyət ocaqlarında, qəsəbə və kəndlərdə silsilə tədbirlər keçirilib, ali, orta ixtisas və ümumtəhsil məktəblərində şeir və rəsm müsabiqələri, idman turnirləri təşkil olunub.

Tədbirlər planına uyğun olaraq, anım günü ərəfəsində rayonun ayrı-ayrı əmək kollektivlərinin nümayəndələri, məktəbli və tələbələr Heydər Əliyev Mərkəzini ziyarət edib, Ümummilli Liderin həyat və fəaliyyətini əks etdirən sərgi və guşələrlə tanış olub, dahi şəxsiyyətin həyat və fəaliyyəti barədə ətraflı məlumat əldə ediblər.

Dekabrın 12-də əmək kollektivlərinin nümayəndələri, ağsaqqal və gənclər, sadə insanlar səhər saatlarından başlayaraq Ulu Öndərin şəhər icra hakimiyyətinin binası qarşısında ucaldılan abidəsi önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla anıblar.

X X X

Zaqatala şəhərindəki ümummilli lider Heydər Əliyevin adını daşıyan mədəniyyət və istirahət parkı dekabrın 12-də həmişə olduğundan daha izdihamlı görünürdü. Rayonun ayrı-ayrı əmək kollektivlərinin nümayəndələri, sadə zaqatalalılar səhər saatlarından başlayaraq axın-axın parka gəlir, Ulu Öndərin abidəsi önünə gül dəstələri düzür, xatirəsinə dərin ehtiramlarını bildirirdilər.

Anım mərasimində iştirak edən rayonun tanınmış həkim-cərrahı Nəriman Əfəndiyev qeyd edib ki, Heydər Əliyev varlığında bütöv bir millətin ruhunu yaşadan çox böyük tarixi şəxsiyyətdir. Bütün Azərbaycan xalqı kimi, Zaqatalanın tibb işçiləri də xalqımızın böyük oğlunun xatirəsini daim əziz tuturlar. Ulu Öndərin Azərbaycan səhiyyəsinin inkişafına çox böyük töhfələr verdiyini bildirən N.Əfəndiyev vurğulayıb ki, dahi şəxsiyyətin siyasi kursu bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycanda bütün sahələr kimi, tibb sahəsinin inkişafına da dövlət tərəfindən çox böyük diqqət və qayğı göstərilir.

Dahi rəhbərin vəfatının ildönümü ilə əlaqədar Heydər Əliyev Mərkəzində elmi-praktik konfrans keçirilib. Tədbirdə çıxış edənlər zəngin və mənalı həyatını Vətəninə, xalqına həsr edən Ümummilli Liderin əvəzsiz xidmətlərindən danışıb, onun nurlu və əziz xatirəsinin qədirbilən xalqımızın qəlbində əbədi yaşayacağını vurğulayıblar.

Konfransda Ulu Öndərin həyat və fəaliyyətinə həsr olunan film nümayiş etdirilib.

Ümummilli Liderin vəfatının ildönümü ilə əlaqədar həmin gün rayonun bütün yaşayış məntəqələrində anma mərasimləri keçirilib, məscidlərdə ruhuna dualar oxunub, ehsanlar verilib.

X X X

Azərbaycan xalqının böyük oğlu, ümummilli lider Heydər Əliyevin vəfatının 13-cü ildönümü Qax rayonunda da dahi rəhbərə sonsuz məhəbbət və ehtiram hissi ilə qeyd edilib. Anım günü ərəfəsində rayonun idarə, müəssisə və təşkilatlarında xatirə tədbirləri, konfranslar, ümumtəhsil məktəblərində şeir, inşa yazı və rəsm müsabiqələri keçirilib, idman yarışları təşkil olunub.

Dekabrın 12-də əmək kollektivlərinin, rayon ictimaiyyətinin nümayəndələri Ulu Öndərin şəhərin mərkəzi meydanında ucaldılan abidəsi önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.

Mərasim iştirakçıları azərbaycanlı olmağı ilə həmişə fəxr edən Ümummilli Liderin keçdiyi şərəfli ömür yolunun gələcək nəsillər üçün əsl örnək olduğunu bildiriblər. Vurğulanıb ki, müasir tariximizi Heydər Əliyevdən ayrı təsəvvür etmək mümkün deyil. Vətən təəssübü, xalq sevgisi Ulu Öndərin həyat yolu, qayəsi idi. Mənsub olduğu xalqına xidmət etmək, Azərbaycanı dünyada layiqincə tanıtmaq bu dahi şəxsiyyətin əsas məqsədi olub.

Ümummilli Liderin anım günü ilə əlaqədar həmin gün məscidlərdə mərasimlər keçirilib, dahi şəxsiyyətin ruhuna dualar oxunub, ehsanlar verilib.

X X X

Balakən rayonunda da ümummilli lider Heydər Əliyevə ümumxalq məhəbbəti tükənməzdir.

AZƏRTAC xəbər verir ki, dekabrın 12-də rayon ictimaiyyətinin nümayəndələri, balakənlilər səhər saatlarından etibarən Heydər Əliyevin adını daşıyan mədəniyyət və istirahət parkına gələrək, dahi şəxsiyyətin dağüstü yüksəklikdə ucaldılan abidəsi önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.

Mərasim iştirakçıları sonra Heydər Əliyev Mərkəzini ziyarət edib, Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən zəngin ekspozisiyaya baxıblar.

Rayon ziyalısı Xəlifə Mirəliyev bildirib ki, ümummilli lider Heydər Əliyevi digər şəxslərdən fərqləndirən başlıca cəhət onun doğma Vətəninə, xalqına bağlılığı idi. O, Azərbaycanın firavan gələcəyi naminə gördüyü işlərə görə, dövlətinə, millətinə bağlılığı ilə Ümummilli Lider səviyyəsinə yüksəlib.

Anım günü ilə əlaqədar rayon Mədəniyyət Mərkəzində ədəbi-bədii kompozisiya nümayiş etdirilib, məscidlərdə Ulu Öndərin ruhuna dualar oxunub, ehsanlar verilib.

X X X

Müasir Azərbaycanın memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin vəfatının 13-cü ildönümü ilə əlaqədar Oğuz rayonunda da silsilə tədbirlər, anım mərasimləri keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirlərdə bütün həyatını və fəaliyyətini xalqının xoşbəxtliyinə həsr etmiş Heydər Əliyevin Azərbaycanın inkişafı və tərəqqisi naminə misilsiz xidmətlərindən bəhs edilib, onun əziz xatirəsinin daim qəlblərdə yaşayacağı, heç vaxt yaddaşlardan silinməyəcəyi vurğulanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.