ELM VƏ TƏHSİL


Qəhrəman oğullarımızın şücaətlərindən bəhs edən kitabların geniş təbliği zəruridir

Bakı, 20 aprel, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunda Azərbaycan Milli Elmlər Akademiyasının N.Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Aran regional şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Yaqut Bahadurqızının “Hay ver mənə, cənab leytenant” kitabının təqdimatı keçirilib.

Bilik Fondundan AZƏRTAC-a bildiriblər ki, kitab aprel döyüşlərində şücaət göstərərək qəhrəmancasına şəhid olmuş baş leytenant Əbubəkir İsmayılovun xatirəsinə həsr olunub.

Əvvəlcə tədbir iştirakçıları Fəxri xiyabanda Ə.İsmayılovun məzarını ziyarət ediblər.

Tədbirdə Bilik Fondunun icraçı direktoru Oqtay Səmədov 2016-cı ilin aprel hadisələrində Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş, ölümündən sonra “Azərbaycan Bayrağı” Ordeninə layiq görülmüş Ə.İsmayılovun qısa, lakin şərəfli həyat yoluna işıq salan kitabın ərsəyə gəlməsində əməyi olanlara minnətdarlığını bildirib.

Milli Məclisin deputatı, yazıçı-publisist Aqil Abbas qəhrəman oğullarımızın şücaətlərindən bəhs edən kitabların geniş təbliğatının aparılmasının zəruriliyini vurğulayıb. Diqqətə çatdırılıb ki, aprel döyüşlərində əsgər və zabitlərimizin torpaq uğrunda canından keçmələri xalqımızın əzminin və qələbəyə gedən yolda dönməzliyinin göstəricisidir.

Yazıçı-publisist Flora Xəlilzadə belə kitabların orta və ali təhsil müəssisələrində, hərbi hissələrdə yayılmasının zəruriliyini vurğulayıb, şəhidlərimizin keçdiyi yolun bir qəhrəmanlıq məktəbi olduğunu bildirib.

Ə.İsmayılovun anası Rəna İsmayılova, şəhid pilot, mayor Təbriz Musazadə adına Tədris İncəsənət Mərkəzinin direktoru, şəhid xanımı Pərişan Musazadə də belə tədbirlərin əhəmiyyətini vurğulayıb, Vətən uğrunda canından keçənlərin daim yüksək qiymətləndirilməsinin gələcək qələbələrə yol açacağını deyiblər.

Tədbirdə şəhidin həyatını və döyüş yolunu əks etdirən slayd nümayiş olunub, Xalq Artisti Eldost Bayram iştirakçılar üçün kitabdan bir parça oxuyub.

Tədbirdə şair, hərbi jurnalist Zəminə Xınalı, şəhidin qohumu Kərim Şükürov, müharibə veteranları Mehdi Dəvəçioğlu, İslam Əzimov, Bilik Fondunun əməkdaşları, Könüllülər Birliyinin üzvləri və media nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, kitabın rəyçisi, ehtiyatda olan polkovnik-leytenant Qabil Nəsibovdur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.