REGİONLAR
Qələbə-70: Bədii-təşviqat marafonu çərçivəsində növbəti tədbir Masallıda keçirilib
Masallı, 26 aprel, Bağır Əliyev, AZƏRTAC
Aprelin 25-də Masallıda faşizm üzərində tarixi qələbənin 70 illik yubileyinə həsr olunmuş bədii-təşviqat marafonu çərçivəsində növbəti tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, Müdafiə Nazirliyi və Masallı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Masallı şəhərinin Heydər Əliyev Parkında keçirilən tədbir Dövlət himninin səsləndirilməsi ilə başlayıb.
Videokadrlarda ötən illərin acılı-şirinli xatirələri canlandırılıb.
Müdafiə Nazirliyinin nümayəndəsi Abdulla Qurbani və telejurnalist Məleykə Alıqızı alman-faşizmi üzərində tarixi Qələbənin 70 illik yubileyi münasibətilə mərasim iştirakşılarını təbrik ediblər.
Çıxışlarda Böyük Vətən Müharibəsi illərində rayonun 100 mindən çox sakininin cəbhəyə yollandığı, onlardan 5000 nəfərinin düşmənlə ölüm-dirim savaşında qəhrəmancasına həlak olduğu diqqətə çatdırılıb.
Tədbirdə, həmçinin son illər Azərbaycanda ordu quruculuğu və Böyük Vətən Müharibəsi veteranlarına göstərilən qayğıdan danışılıb. Bildirilib ki, azərbaycanlıların cəbhədə nümayiş etdirdikləri qəhrəmanlıqlar xalqımızın fədakarlığının və yenilməzliyinin bariz nümunəsidir. Çıxışlarda Milli Ordumuzun gün-gündən gücləndiyi və işğal altındakı torpaqlarımızın geri qaytarılmasına hazır olduğu da dönə-dönə vurğulanıb.
Müdafiə Nazirliyinin nəzdində fəaliyyət göstərən mahnı və rəqs ansamblı, Masallının “Halay” folklor qrupu, xalq artistləri Zümrüd Məmmədova, Zaur Rzayev və digər ifaçılar hərbi-vətənpərvərlik mövzusunda mahnı və rəqslərlə çıxış ediblər.
Masallı Rayon İcra Hakimiyətinin başçısı Rafil Hüseynov tədbir iştirakçılarına bayram təbrikləri çatdıraraq, “Xalq və ordu birdir” devizi ilə keçirilən bədii-təşviqat marafonunun növbəti mərhələsinin Masallıda təşkil olunmasını rayon sakinlərinin həyatında əlamətdar hadisə kimi dəyərləndirib.
Mərasimdə Böyük Vətən Müharibəsinin iştirakçıları Reyxstağa sancılan qələbə bayrağını bugünkü nəslin nümayəndələrinə təqdim ediblər.
Çıxışlarda Dağlıq Qarabağ torpaqlarının tezliklə düşmən tapdağından azad ediləcəyinə və belə bir möhtəşəm qələbə tədbirinin orada keçiriləcəyinə, üçrəngli Azərbaycan bayrağının Xankəndidə dalğalanacağına əminlik ifadə olunub.
Respublika Veteranlar Şurasının sədr müavini Cəlil Xəlilov müharibə veteranlarına göstərilən dövlət qayğısından söz açaraq, onların döyüş yolunun gənc nəslə örnək olduğunu bildirib. O, Şuranın təsis etdiyi “Veteran həmrəyliyi” medalını və “Veteranların qayğıkeşi” diplomunu Rafil Hüseynova təqdim edib.
Müharibə veteranı Atabala Hacıyevə və rayon mədəniyyət və turizm şöbəsinin müdiri Lətifə Mövsumovaya “Böyük Vətən Müharibəsində qələbənin 70 illiyi” medalları verilib.
Mərasim Qələbə marşı ilə başa çatıb.