CƏMİYYƏT
Qələbə bayrağımız işğal altındakı torpaqlarımızda dalğalanacaq
Bakı, 29 noyabr, AZƏRTAC
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının və Respublika Hərbi Prokurorluğunun birgə tədbirlər planına uyğun olaraq, Müdafiə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin Bərdə və Beyləqan rayonlarında yerləşən “N” hərbi hissələrində gənclərin hərbi vətənpərvərlik tərbiyəsi, eləcə də yaşlı nəslin hərbi bilik və təcrübəsinin gənclərə çatdırılması mövzusunda görüşlər keçirilib.
Respublika Veteranlar Təşkilatından AZƏRTAC-a bildiriblər ki, tədbirlərin məqsədi əsgər və zabitlər arasında hərbi vətənpərvərlik tərbiyəsinin və hərbi intizamın yüksəldilməsi olub.
Tədbirlərdə Respublika Veteranlar Təşkilatının nümayəndələri və Hərbi Prokurorluğun zona prokurorunun müavini, ədliyyə polkovniki Tahir Quliyev, Fizuli rayon hərbi prokuroru, polkovnik Natiq Həsənov və müavini polkovnik-leytenant Elnur Kərimov şəxsi heyət qarşısında çıxışlar ediblər. Çıxışlarda erməni işğalçılarına qarşı Azərbaycan Ordusunun uğurlu aprel döyüşlərindən danışılıb və gənc hərbçilərə xidməti işlə bağlı dəyərli tövsiyələr verilib, əsgər və zabitləri maraqlandıran suallar cavablandırılıb.
Tədbirlərin yüksək səviyyədə keçirildiyinə görə hərbi hissə komandirləri şəxsi heyət adından Respublika Veteranlar Təşkilatının və Hərbi Prokurorluğun nümayəndələrinə minnətdarlıqlarını bildirib, belə görüşlərin gənclərin ruh yüksəkliyini artırdığını vurğulayıblar. Qeyd olunub ki, düşmənlə üz-üzə səngərlərdə dayanan hərbi hissələrimizin şəxsi heyəti öz məsuliyyətini yaxşı anlayır, verilən tapşırıqları həmişə layiqincə yerinə yetirməyə, veteranların dəyərli məsləhətlərinə əməl etməyə hazırdır.
Gənc hərbçilər də xidmətlərini mərdliklə yerinə yetirəcəklərinə, işğal altındakı torpaqlarımızda qələbə bayrağımızı dalğalandıracaqlarına əminliklərini ifadə ediblər.
Sonra Bərdə Rayon Hərbi Prokurorluğunda Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümü ilə əlaqədar geniş müşavirə keçirilib.
Müşavirədə respublika hərbi prokurorunun nümayəndəsi, Qarabağ və Tərtər Hərbi prokurorluqlarının zona prokurorları və əməkdaşları, Respublika Veteranlar Təşkilatının üzvləri iştirak ediblər.
Tədbirdə Respublika Veteranlar Təşkilatının şöbə müdiri, ehtiyatda olan polkovnik Adil Haqverdiyev və digərləri Azərbaycanın dövlətçilik ənənəsindən, müstəqilliyin bərpasından sonra əldə olunan uğurlardan, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə inamla davam etdirilən ordu quruculuğundan danışılıb. Həmçinin veteranlara dövlət qayğısından, aprel döyüşlərində Azərbaycan əsgərinin qəhrəmanlığından, şəxsi heyətin ruh yüksəkliyindən ətraflı söz açılıb, ordumuzun qələbəsinə qəti inam ifadə olunub.
Sonda xidməti borcunu layiqincə yerinə yetirən hərbçilərə və hərbi prokurorluq işçilərinin bir qrupuna Respublika Veteranlar Təşkilatının fəxri fərmanları təqdim edilib.