MƏDƏNİYYƏT
Qələbə bizimlədir
Bakı, 6 may, Aynur İsmayılova, AZƏRTAC
Yasamal Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin mərkəzi kitabxanasında 9 May - faşizm üzərində Qələbə Gününə həsr olunmuş “Qələbə bizimlədir” adlı tədbir keçirilib.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, tədbirdə İkinci Dünya müharibəsində faşizm üzərində qələbənin əldə edilməsində Azərbaycan xalqının igid oğul və qızlarının qəhrəmanlığından söhbət açılıb.
Bildirilib ki, Azərbaycan xalqı cəbhəyə 600 mindən çox oğul və qızını yola salıb. Onların təxminən yarısı döyüş meydanlarından geri qayıtmayıb. Həmin müharibə zamanı göstərdikləri igidliyə görə 130-dan çox Azərbaycan vətəndaşı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, 170 mindən çox əsgər və zabitimiz isə müxtəlif orden və medallarla təltif edilib. İki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanov, Sovet İttifaqı qəhrəmanları İsrafil Məmmədov, Aslan Vəzirov, Adil Quliyev, Ziya Bünyadov, Gəray Əsədov, Məlik Məhərrəmov, Mehdi Hüseynzadə, generallar Mahmud Əbilov, Akim Abbasov, Tərlan Əliyarbəyov, Hacıbaba Zeynalov və bir çox başqaları öz şücaətləri ilə xalqımızın tarixinə yeni səhifələr yazıblar. Sovet İttifaqının sərf etdiyi neftin 70 faizindən çoxu, benzinin 80 faizi, motor yağlarının isə 90 faizi Azərbaycanın payına düşüb. İnamla demək olar ki, Bakı nefti faşizm üzərində qələbənin əsas amillərindən biri olub. Təkcə onu demək kifayətdir ki, hər beş təyyarədən dördü, hər beş tankdan dördü, hər beş avtomobildən dördü Bakıdan göndərilən yanacaqla işləyib. Böyük Vətən müharibəsi Azərbaycan xalqının kütləvi qəhrəmanlığını və fədakarlığını nümayiş etdirib.
Sonra 173 nömrəli tam orta məktəbin şagirdləri musiqili-ədəbi kompozisiya təqdim ediblər.
Tədbir iştirakçıları sonda “Qələbə bizimlədir” adlı sərgi ilə tanış olublar.