CƏMİYYƏT
“Qələbə muzeyi” adlı animasiya çarxı hazırlanıb
Bakı, 4 iyul, AZƏRTAC
Azərbaycan Respublikası Prezidenti yanında Gənclər fondunun maliyyə dəstəyi ilə “Addım” Gənclərin İnkişaf Mərkəzi İctimai Birliyi tərəfindən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən bəhs edən “Qələbə muzeyi” adlı animasiya çarxı hazırlanıb.
İctimai Birlikdən AZƏRTAC-a bildiriblər ki, animasiya çarxının hazırlanmasında məqsəd dünya ictimaiyyətinə münaqişə barədə həqiqətləri çatdırmaqdır. Təşkilat bu həqiqətlərin yayılması üçün indiyədək bir neçə sənədli film hazırlayaraq geniş auditoriyaya çatdırıb. Yeni, daha yaradıcı üsul olan animasiyadan istifadə günün reallıqlarından doğur.
Animasiya çarxının hazırlanmasında məcburi köçkünlərin həyat şəraitini göstərən müxtəlif fotomateriallardan, həmçinin Youtube portalında Ermənistan-Azərbaycan münaqişəsi barədə yerləşdirilən videokadrlardan istifadə edilib.
Animasiyada “3 D” formatı ilə hadisələr texniki cəhətdən bərpa edilib və işğal altındakı tarixi abidələrin şəkilləri öz əksini tapıb.