ELM VƏ TƏHSİL
Qələbənin əldə edilməsində Bakı neftinin əvəzsiz rolu olub
Bakı, 27 aprel, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda faşizm üzərində qələbənin 70 illiyinə həsr edilən yığıncaq keçirilib.
İnstitutdan AZƏRTAC-a bildiriblər ki, tədbirdə bu elm müəssisəsi direktorunun elmi işlər üzrə müavini, filologiya elmləri doktoru Paşa Kərimov deyib ki, sovet dövründə təntənə ilə qeyd edilən bir sıra ildönümlər, yubileylər müstəqillik dövründə artıq əhəmiyyətini itirib, lakin faşizm üzərində qələbəni Azərbaycanda mütləq yad etmək lazımdır. Bu qələbədə Azərbaycan xalqının, Bakı neftinin rolu əvəzsizdir. Bu müharibədə Azərbaycan xalqı böyük itkilər verib. Bəşəriyyətin faşizmdən qurtulmasında ölkəmizin özünəməxsus rolu olub.
İnstitut direktorunun elmi işlər üzrə müavini, filologiya elmləri doktoru Aybəniz Əliyeva-Kəngərli bildirib ki, müstəqillik dövründə İkinci Dünya müharibəsi veteranlarına layiq olduqları hörmət və ehtiramın bərpa edilməsində ümummilli lider Heydər Əliyevin əvəzsiz xidməti olub.
Sonra “Müharibə dəhşətləri şəxsi arxiv materialları əsasında”, “Böyük Vətən müharibəsi illərində Azərbaycan bədii ədəbiyyatında müharibə və vətənpərvərlik mövzusu” və “Böyük Vətən müharibəsində qələbənin əldə olunmasında Bakı neftinin rolu” mövzularında məruzələr dinlənilib.
Tədqiqatçı, polkovnik-leytenant Şəmistan Nəzirli İkinci Dünya müharibəsində böyük qəhrəmanlıq göstərmiş, lakin həmin dövrdə layiqli mükafatını ala bilməmiş Azərbaycan oğulları barədə maraqlı məlumatlar verib.
AMEA-nın rəyasət heyətinin birinci xüsusi şöbəsinin rəisi, arxa cəbhə veteranı Cabbar Bəylərov Azərbaycan xalqının arxa cəbhədəki fəaliyyəti barədə xatirələrini danışıb.