ELM VƏ TƏHSİL
Qərb Universitetində 9 May - Qələbə Günü qeyd olunub
Bakı, 3 may, AZƏRTAC
Mayın 3-də Qərb Universitetində İkinci Dünya müharibəsi veteranları ilə görüş keçirilib.
Universitetdən AZƏRTAC-a bildirilib ki, 9 May - Qələbə Gününə həsr olunan tədbirdə bu ali məktəbin fəxri professoru Fikrət Sadıqov Böyük Vətən müharibəsi illərindən danışaraq qeyd edib ki, XX əsrdə İkinci Dünya Müharibəsi illəri bəşəriyyət üçün ən ağır və dəhşətli dövr olub. Azərbaycan bu illərdə qələbənin qazanılmasına böyük töhfələr verib. Xalqımızın 700 mindən çox igid oğul və qızları cəbhəyə yollanıb. Həmvətənlərimizin təqribən 130 nəfəri Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, 30 nəfəri "Şöhrət” ordeninin hər üç dərəcəsi ilə təltif edilib. Azərbaycandan olan 170 min əsgər və zabit SSRİ-nin müxtəlif orden və medalları ilə təltif olunub.
Azərbaycan Milli Elmlər Akademiyası A.Bakıxanov adına Tarix İnstitutu direktorunun müavini, professor Cəbi Bəhramov azərbaycanlıların cəbhədə göstərdikləri qəhrəmanlıq və şücaətdən, Azərbaycan diviziyalarının Qafqazdan Berlinədək keçdiyi şərəfli döyüş yolundan söhbət açıb.
Tədbirdə iştirak edən Böyük Vətən müharibəsi veteranları 1941-1945-ci illərdə faşizmin üzərində qələbənin əldə edilməsində Azərbaycanın uğurlarından danışıblar.
Sonda müharibə qəhrəmanlarına həsr olunmuş videoçarx göstərilib.