ELM VƏ TƏHSİL
Qərb Universitetinin tələbələri “Açıq kitab” üsulu ilə imtahan veriblər
Bakı, 13 iyun, AZƏRTAC
Qərb Universitetində yay imtahan sessiyası davam edir.
Universitetin işgüzar inzibatçılıq fakültəsinin marketinq ixtisasında təhsil alan tələbələr “Açıq kitab” üsulu ilə imtahan veriblər. Bu imtahan forması tələbələrin səthi biliklərdən, əzbərçilikdən uzaqlaşaraq düşünmək və təhlil aparmaq qabiliyyətini üzə çıxarır və inkişaf etdirir.
Universitetdən AZƏRTAC-a verilən məlumata görə, imtahan keçirilən müddətdə tələbə istənilən sayda kitab, mühazirə və əlavə dərs materiallarından istifadə edə bilər.
Qeyd edək ki, ötən semestrdən etibarən Qərb Universitetində imtahan modelini tələbələr müəyyən edirlər. Dəyişikliyə əsasən, tələbələr semestr boyu keçdikləri fənlər üzrə müvafiq kursun formatına uyğun modellərdən birini seçərək imtahan vermək şansı əldə edirlər. Mövcud imtahan formaları ilə yanaşı (test üsulu, şifahi imtahan, baxış imtahanı, açıq suallar), yeni imtahan modellərinə “Açıq kitab”, “Təqdimat”, “Keys həlli” kimi beynəlxalq akademik səviyyədə tətbiq olunan üsullar daxildir. Bu üsullar tələbələrə yalnız nəzəri deyil, praktik bilikləri də mənimsəməyə imkan verir.
Bir müddət əvvəl edilmiş dəyişikliyə əsasən, tələbələrin biliklərinin qiymətləndirilməsində Qərb Universiteti daha bir yeniliyə imza atıb. Belə ki, hər hansı bir fənn üzrə imtahandan müvəffəq nəticə göstərməmiş tələbələr üçün tamamilə ödənişsiz əsaslarla intensiv kurslar və konsultasiya saatları təşkil olunur.