DÜNYA


Qərb koalisiyasının bombardmanı nəticəsində Rakkada 43 nəfər həlak olub

Bakı, 3 iyun, AZƏRTAC

ABŞ-ın başçılıq etdiyi beynəlxalq koalisiyaya məxsus aviasiyanın bombardmanı nəticəsində Suriyanın Rakka şəhərində əksəriyyəti qadın və uşaqlardan ibarət azı 43 dinc sakin həlak olub.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, faciə iyunun 3-ə keçən gecə baş verib. Alyansa məxsus aviasiya onlarla dinc sakinin olduğu binaya hücum edib.

ABŞ Mərkəzi Qüvvələr Komandanlığının iyunun 2-də yayımladığı məruzəyə əsasən, koalisiya əməliyyatlara başladığı 2014-cü ilin avqustundan bu ilin aprel ayınadək “səhvən” 484 dinc sakinin ölümünə səbəb olub. Yerli mənbələrin məlumatına görə isə, ötən ay koalisiyaya məxsus Hərbi Hava Qüvvələrinin reydləri nəticəsində təkcə Rakka və Deyr-əz-Zor rayonlarında 100 nəfərdən çox dinc sakin həyatını itirib. Həmçinin koalisiyanın hava zərbələrini yaxından izləyən bir çox müstəqil ictimai təşkilatlar alyansın hava hücumları nəticəsində İraq və Suriyada indiyədək 3 mindən artıq dinc sakinin həyatını itirdiyini iddia edirlər.

Xatırladaq ki, ABŞ 2016-cı il noyabrın 6-da Rakka şəhərini İŞİD-dən azad etmək üçün əməliyyatlara başlayan “Demokratik Suriya qüvvələri” (PYD) koalisiyasının silahlı birləşmələrinə dəstək verir. Hələb şəhərindən 160 kilometr məsafədə, Fərat çayının sahilində yerləşən bu əyalət mərkəzi 2013-cü ilin martından İŞİD qruplaşmasının nəzarəti altındadır və onun Suriyada əsas dayağı –“xilafətin paytaxtı” hesab olunur

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.