İQTİSADİYYAT
“Qərbi Abşeron” yatağında yeni özül tikilir
Bakı, 25 noyabr, AZƏRTAC
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) “Neftqaztikinti” tresti “Azneft” İstehsalat Birliyinin sifarişi ilə “Qərbi Abşeron” yatağında “Neftqazelmitədqiqatlayihə” İnstitutunun layihəsi əsasında yeni 54 saylı stasionar dəniz özülünün tikintisini uğurla davam etdirir.
SOCAR-ın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, 10 istismar quyusunun qazılması üçün nəzərdə tutulan özülün 4 dayaq bloku, 2 aralıq seksiyası “Zığ” istehsalat sahəsində, qalan 5 dayaq bloku və 7 ədəd aralıq seksiyası isə “BOS Şelf” MMC-də hazırlanıb. Blokların dənizə nəql edilərək layihə nöqtəsində quraşdırılması üçün hazırlıq işləri aparılır. Dənizdə tikinti-quraşdırma işlərinə cari ilin sonunda başlanılması gözlənilir. Özüldə 3 min 480 kvadratmetrlik istehsalat və 600 kvadratmetrlik yaşayış sahələrinin quraşdırılması nəzərdə tutulur. Yaşayış sahəsi istehsalat sahəsi ilə hər birinin uzunluğu 45 metr olan 2 piyada körpüsü ilə birləşdiriləcək. Özül 7 yanalma və 4 minik meydançası, yaşayış bloku, müasir qazma qurğusu, avtomatik idarəetmə sistemi, bioloji təmizləmə qurğusu və digər zəruri avadanlıqlarla təchiz olunacaq. Ətraf mühitin və əməyin mühafizəsi bütün müasir norma və tələblərə uyğun şəkildə təmin ediləcək.
Dənizin 13,5 metr dərinliyində yerləşdiriləcək özüldən qazılacaq quyuların hər birindən sutkada 70 ton neft hasil ediləcəyi proqnozlaşdırılır.