DÜNYA
Qərbi Afrika dövlətlərinin hərbçiləri Qambiyaya zərbələr endirməyə başlayıb
Bakı, 20 yanvar, AZƏRTAC
Qərbi Afrika Dövlətlərinin İqtisadi Birliyinin (QADİB) hərbçiləri Qambiyaya zərbələr endirməyə başlayıb.
AZƏRTAC xəbər verir ki, “Reuters” agentliyinin məlumatına görə, hərbi əməliyyat Qambiyada “Demokratiyanın bərpası” çərçivəsində həyata keçirilir. Seneqal ordusunun nümayəndəsi polkovnik Abdu Ndiaye zərbələr haqqında ətraflı məlumat verməyib. O, kontingentin quru, hava və dəniz qüvvələrindən ibarət olduğunu bildirib.
BMT Təhlükəsizlik Şurası Qambiyanın yeni prezidentinə səlahiyyətlərinin təhvil verilməsinə əmin olmaq üçün "lazımi tədbirlər görmək" barədə Seneqalın təqdim etdiyi qətnaməni qəbul edib. Qambiyanın yeni seçilmiş dövlət başçısı Adama Barrou rəsmi olaraq vəzifəsinin icrasına Qambiyanın Seneqalın paytaxtı Dakardakı səfirliyində başlayıb.
Qeyd edək ki, Qambiyada siyasi böhran 2016-cı ilin dekabrında ölkə prezidenti Yəhya Cammenin seçkilərin nəticələrini tanımadığını bəyan etməsindən və postunu tərk etmək istəməməsindən sonra başlayıb.