MƏDƏNİYYƏT


Qərblə Şərqi qovuşduran musiqi

Bu gün Xalq Artisti Firəngiz Əlizadənin ad günüdür

Bakı, 28 may, Gözəl Ağayeva, AZƏRTAC

Dünya musiqi mədəniyyətinə Üzeyir Hacıbəyli, Müslüm Maqomayev, Qara Qarayev, Niyzai, Cövdət Hacıyev, Fikrət Əmirov kimi dühalar bəxş edən xalqımızın bununla qürur duymağa haqqı var. Bu gün isə bizə bu qüruru yaşadan görkəmli bəstəkar, Azərbaycanın Xalq Artisti, professor Firəngiz Əlizadədir. O, yeganə azərbaycanlı bəstəkardır ki, "UNESCO-nun Sülh Artisti" fəxri adına layiq görülüb. Firəngiz Əlizadənin yaradıcılığında uğurlar çoxdur. Bu, təkcə onun deyil, Azərbaycan mədəniyyəti tarixinin səhifələrinə yazılan uğurlardır. Firəngiz xanım bu uğurlara böyük istedadı və zəhməti sayəsində nail olub.

Qara Qarayev: Baxın, budur əsl müasir musiqi

Hələ gənc yaşlarından Firəngiz Əlizadə özünü çox istedadlı musiqiçi kimi tanıda bilib. Ona görə də Qara Qarayevin tələbələrindən söz düşəndə ilk olaraq Firəngiz Əlizadənin adı çəkilir. Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, sənətşünaslıq doktoru, professor Rəna Məmmədova Firəngiz xanımın ilk böyük əsəri "Sonata"nın premyerasını belə xatırlayır: "Yaxşı yadımdadır, Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının (indiki Bakı Musiqi Akademiyasının) böyük zalında Azərbaycan bəstəkarlarının əsərləri ifa olunurdu. Həmin gün F.Əlizadənin "Sonata"sı müəllifin ifasında dinləyicilərə təqdim edilirdi. Son akkordlar səslənəndən sonra hamı üçün gözlənilməz bir hadisə baş verdi; dahi bəstəkarımız Qara Qarayev birdən sürətli addımlarla səhnəyə qalxıb ucadan dedi: "Baxın, budur əsl müasir musiqi". Sonra isə Firəngizi qucaqlayıb öpdü. Həmin anlarda Qara müəllim uşaq kimi sevinirdi, çünki bir gənc bəstəkar kimi, öz övladı kimi Firəngizin xətrini çox istəyirdi. Zalda çox dinləyici vardı, hamı bir nəfər kimi gənc bəstəkarı alqışlayırdı".

Müəlliminin xeyir-duası ilə bəstəkarlıq yoluna qədəm qoyan Firəngiz Əlizadə hələ sovet dövründə yazdığı əsərləri ilə yaradıcılıq mühitinə yeni nəfəs gətirməsi ilə seçilib. Təsadüfi deyil ki, 1992-ci ildə Firəngiz xanıma Türkiyə dövləti tərəfindən "Boş beşik" baletinin yazılması sifariş olunub. Mersin Opera və Balet Teatrının açılışı münasibətilə səhnəyə qoyulan bu əsər böyük uğur qazanıb. Türkiyə hökumətinin xahişi ilə Firəngiz xanım qardaş ölkədə bir neçə il fəaliyyət göstərib. 1997-ci ilədək Mersin Opera və Balet Teatrında və Mersin Konservatoriyasında professor vəzifəsində çalışan Firəngiz xanım 1999-cu ildə Almaniyaya, Berlin İncəsənət Akademiyasının professoru vəzifəsinə dəvət alıb. O, 2007-ci ilə kimi burada bəstəkar, pianoçu və dirijor kimi fəaliyyət göstərib. Bu illər ərzində Firəngiz xanım dünyanın müxtəlif ölkələrində möhtəşəm konsertlər verməklə müasir musiqinin ən görkəmli nümayəndələrindən biri kimi adını tarixə yazdırıb.

Qərbin musiqi repertuarında

Firəngiz Əlizadə öz yaradıcılığı ilə milli mədəniyyətimizi Azərbaycanın hüdudlarından çox-çox uzaqlarda uğurla təbliğ edir. Xarici ölkələrin məşhur musiqi kollektivlərinin sifarişi ilə yazılmış və ifa olunmuş əsərlərindən: Violonçel üçün "Oyan!" (Paris, 2005), Kvintet üçün "Xəzər" (Nyu-York, 2006), Fleyta, klarnet, skripka və zərb alətləri üçün "Atəş" (Sietl, 2006), "Optical İdentity" baleti (Sinqapur, 2007), Misteriya "Al Kamandcaty" (Roma, 2007), Skripka üçün "Dastan" (Ausburq, 2007), fortepiano, violonçel və kamera orkestri üçün "Dəniz" (Bern, 2008), "Your name means the Sea" operası (Hyuston, 2011), xanəndə, flamenko ifaçısı və ansambl üçün "Mugflagamenco" (Amsterdam, 2011), Skripka və fortepiano üçün "İmpuls" (ABŞ, 2012), fortepiano üçün "Landscape" (Fransa, 2012) və s. qeyd etmək olar. 

Bəstəkarın əsərlərini dünya şöhrətli musiqiçilər - Mstislav Rostropoviç, Yo-Yo Ma, Monigetti, Evelin Qlenni, Yulius Berger və musiqi kollektivləri - "Kronos-Quartet", "Collegium Novum", "Continuum" və başqaları ifa edib və bu gün də ifa etməkdədir. Bu ansambllara Azərbaycanın görkəmli musiqiçiləri Alim Qasımovun, Möhlət Müslümovun, Fəxrəddin Dadaşovun və başqalarının da adlarını əlavə etmək yerinə düşər. Çünki F.Əlizadə öz əsərlərində Avropa alətlərində milli alətlərin səslənməsindən alınan tembr boyalarına üstünlük verməklə yanaşı, məhz Qərb və Şərq musiqiçilərini bir ansamblda birləşdirməyi də çox sevir.

Məşhur amerikalı skripkaçı, meqastar Hillari Hanın Firəngiz Əlizadənin əsəri də daxil olan "Deutsche Grammofon" albomu 2014-cü ildə "İlin ən yaxşı kamera musiqisi" nominasiyasında "Grammy" mükafatına layiq görülüb. Azərbaycan bəstəkarlıq məktəbi tarixində Firəngiz Əlizadə bu mükafatı alan ilk bəstəkardır.

Bu ilin fevral ayında ABŞ-da məşhur "San Fransisko" Caz Mərkəzində "Kronos" festivalı çərçivəsində bəstəkarın "Rəqs" əsərinin premyerası keçirilib. "Kronos" Kvarteti tərəfindən ifa edilən bu yeni əsər tamaşaçıların gurultulu alqışları ilə qarşılanıb. Kvartetin "Gələcək üçün əlli" adlı eksklüziv proqramı üçün yazılmış əsər, Azərbaycanda qədim zamanlardan bu günümüzə qədər gəlib çatan müxtəlif rəqs ritmlərini özündə təcəssüm etdirir. Azərbaycan musiqi tarixində Firəngiz Əlizadə yeganə bəstəkardır ki, "Kronos" Kvarteti onun əsərlərini tez-tez repertuarına daxil edərək, ona yeni-yeni musiqilər bəstələməyi sifariş verir.

Almaniyanın Koburq şəhərinin "Landestheater" teatrının səhnəsində isə Firəngiz xanımın bəstələrindən ibarət "Gizli hadisələr" adlı balet uğurla təqdim edilib. Bu şəhərin opera və balet teatrının repertuarına daxil edilmiş balet səhnəyə Mark Makkleyn, Tara Yipp və Poşenq Yeh tərəfindən qoyulub.

Aprel ayında Hollandiyada "Amsterdam Royal Concertgebouw" konsert salonunda premyerası keçirilən "Nəsimi passion" əsərindən dünyanın musiqi ictimaiyyəti və KİV-lər bu gün də heyranlıqla söz açır.

Composer in residence

Müasir Azərbaycan musiqisinin görkəmli nümayəndələrindən olan Firəngiz Əlizadə əsərləri ölkə hüdudlarından kənarda böyük məmnunluq hissi ilə ifa olunan yeganə bəstəkardır ki, qastrol etdiyi şəhərlərin coğrafiyası da çox genişdir: Turin, Berlin, Lösern, Boston, San-Diyeqo, Çikaqo, Los-Anceles, San-Fransisko, Nyu-York, Sietl, Bazel, Amsterdam, Bern, Roma, Sürix, Vyana, Zaltsburq, Bonn, Lion, Tokio, Paris və s.

Bəstəkarın mili mənəvi və psixoloji-əxlaqi keyfiyyətləri tərənnüm edən "İntizar", "Sənin adın Dənizdir", "Ağ atlı oğlan" operaları, "Boş beşik" və "Stadt-Graniza" baletləri, "Habilsayağı", "Oazis", "Dərviş", "Abşeron" - müxtəlif ifaçılıq tərkibi üçün instrumental kompozisiyaları, "Silk road", violonçel və orkestr üçün "Mərsiyə" konsertləri, böyük simfonik orkestr üçün "İthaf" və digər əsərləri dünyanın mötəbər konsert salonlarında sevilə-sevilə ifa olunur və dinlənilir. İstər amerikan, alman, fransız, istər rus, eləcə də türk qardaşlarımız bu bəstəkarı özününkü hesab edir və onun əsərlərinə böyük məmnunluq hissi ilə qulaq asırlar. Bu səbəbdəndir ki, Firəngiz Əlizadəni həmin ölkələrin "composer in residence" (ölkənin rəsmi bəstəkarı) kimi fəxri titulu ilə təltif ediblər. Bu da Firəngiz xanımın beynəlxalq aləmdə böyük nüfuza malik olmasını bir daha təsdiq edir.

Bəşəri və milli sənətkar

Əsərlərində bəşəri mövzulara toxunaraq insanların diqqətini qlobal məsələlərə yönəltməyi bacaran bəstəkarımızın yaradıcılığının əsas ana xəttini canından artıq sevdiyi doğma Azərbaycanın tərənnümü təşkil edir. Buna misal olaraq, onun yaradıcılığının şah əsəri kimi qiymətləndirilən "İntizar" operasını göstərmək olar. Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, professor Nərgiz Paşayevanın librettosu əsasında yazılan, yüksək bədii keyfiyyətləri ilə seçilən "İntizar" operasının əsas ideyası - Vətən uğrunda mübarizənin və əbədi məhəbbətə inamın təcəssümüdür. Bu opera Xeyir və Şər qüvvələrin qarşıdurması, haqq-ədalətin qələbə çalması kimi bəşəri mövzuları əks etdirir.

"İntizar" operasının timsalında biz Qarabağ mövzusunun opera sənətində yüksək sənətkarlıqla uğurlu təcəssümünün, bədii ifadə vasitələrinin, obrazlar sisteminin formalaşmasının şahidi oluruq. Bu mənada opera son dövrdə Azərbaycanda vətənpərvərlik ruhlu əsərlərin yaranmasına olan mənəvi tələbata tam cavab verir.

Bu opera sözün əsl mənasında musiqi həyatımızda baş verən ən böyük hadisəyə çevrildi, həm dövlət rəhbərliyi, həm də beynəlxalq ictimaiyyət tərəfindən bu əsər xalqımızın sarsılmazlığının, haqq işi uğrunda ədalətli mübarizəsinin təcəssümü kimi böyük rəğbətlə qarşılandı.

Həm də musiqişünas, pedaqoq, musiqi-ictimai xadimi

Musiqi sənətində dəyərli mühakimələri, dünya musiqisinin tarixinə və müasir cərəyanlarına dair geniş biliyi, dərin təhlil və ümumiləşdirmə bacarığı, Azərbaycan musiqisinin ümumbəşəri mahiyyətini önə çəkməsi və onu dünya musiqi xəzinəsində layiqli yer tutan incilər sırasında təbliğ etməsi Firəngiz Əlizadəni bir musiqişünas kimi səciyyələndirən cəhətlərdir. Bu baxımdan onun "Azərbaycan bəstəkarlarının yaradıcılığında orkestr üslubları" mövzusunda müdafiə etdiyi dissertasiyası, "Qara Qarayev", "Azərbaycan bəstəkarlarının orkestr üslubu" kitabları, elmi nəşrlərdə və dövrü mətbuatdakı çoxsaylı məqalələri musiqi sənətimizi səciyyələndirən dəyərli əsərlərdir. 

Firəngiz Əlizadənin Azərbaycan Dövlət Konservatoriyasında çalışdığı dövrdə (1974-1992) orijinal mühazirələri ilə də seçilib. Çalışdığı "Musiqi tarixi" kafedrasında onun təşəbbüsü ilə "Müasir musiqi üzrə seminarlar", "Orkestr üslubları tarixi" kimi yeni fənlər yaradılıb. Firəngiz Əlizadə ilk dəfə olaraq bu fənləri tədris edib, onlara dair proqramlar və metodik vəsaitlər tərtib edib. Eləcə də əsərlərinin ifası üçün dəvət olunduğu digər ölkələrdə (ABŞ, Fransa, İtaliya, İsveçrə və s.) onun ustad dərsləri böyük maraqla qarşılanır.

Firəngiz Əlizadə respublikanın musiqi-ictimai həyatında önəmli rolu olan görkəmli mədəniyyət xadimidir. 1974-cü ildən SSRİ və Azərbaycan Bəstəkarlar İttifaqının (ABİ) üzvü olan F.Əlizadə 1979-cu ildə ABİ-nin İdarə heyətinin katibi, 2007-ci ildən sədri seçilib. Daha sonra 2012-ci ildə İttifaqın üzvləri onu yekdilliklə yenidən sədr seçdilər və bu günə kimi həmin vəzifədə fəaliyyətini uğurla davam etdirir.

Azərbaycan Bəstəkarlar İttifaqı yarandığı gündən musiqi mədəniyyətinin inkişafında mühüm rol oynayır. Üzeyir Hacıbəylidən sonra idarə heyətinin sədrləri görkəmli bəstəkarlar - Səid Rüstəmov, Qara Qarayev, Tofiq Quliyev və başqaları olublar. Bu ənənə bu gün də davam edir. Bəstəkarlar İttifaqının idarə heyətinin sədri Firəngiz Əlizadə təşkilatın işinin daha səmərəli qurulmasına böyük əmək sərf edir. Bu gün Bəstəkarlar İttifaqı respublikanın musiqi həyatında öndə gedir, yüksək bədii səviyyənin saxlanılması istiqamətində öz sözünü deyir. Bəstəkarlar İttifaqı Heydər Əliyev Fondunun dəstəyi ilə "Muğam aləmi", habelə "İpək Yolu" beynəlxalq musiqi festivallarını təşkil edir. Bəstəkarlarımızın dəyərli əsərləri İttifaqın xətti ilə festivallarda, plenumlarda, baxışlarda, konsertlərdə səsləndirilir, onların albomları buraxılır. Həmçinin, İttifaqın təşəbbüsü ilə tanınmış bəstəkarlar və musiqişünasların həyat vəyaradıcılığından bəhs edən broşürlər nəşr olunur.

Professor Firəngiz Əlizadə həm də bir neçə sənədli filmin ssenari müəllifidir. Rejissor Cahangir Zeynalovun çəkdiyi "Hüdudsuz muğam aləmi" sənədli filmi buna ən gözəl nümunədir. Filmdə 2009-cu ildə Heydər Əliyev Fondunun dəstəyi ilə keçirilən Beynəlxalq Muğam Festivalı bütün təfərrüatı ilə öz əksini tapıb.

Firəngiz xanımın fəal musiqi-ictimai fəaliyyəti Azərbaycan dövləti tərəfindən hər zaman yüksək qiymətləndirilib və o, Azərbaycanın Əməkdar İncəsənət Xadimi, Xalq Artisti fəxri adlarına, "Şöhrət", "Şərəf" ordenlərinə və bir sıra mükafatlara, o cümlədən "Uğur", "Zirvə" mükafatlarına layiq görülüb.

Həyatı boyu yaradıcılıq axtarışında olan Firəngiz xanım ömrünün 70-ci baharında da ənənəsinə sadiqdir. O, Azərbaycanı, doğma Vətənini böyük məhəbbətlə sevir və ona vicdanla xidmət edir. İnanırıq ki, onun əsərlərinin sədası bundan sonra da dünyanın ən məşhur konsert salonlarından gələcək. Biz Firəngiz xanımı bu əlamətdar yubileyi münasibətilə təbrik edir, ona gənclik təravəti ilə aşılanmış bitib-tükənməz sənətkarlıq qüvvəsi, can sağlığı və musiqi mədəniyyətimizin tərəqqisi yolunda yeni nailiyyətlər arzulayırıq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.