DÜNYA
Qətər Həcc ziyarətinə gedən zəvvarları daşıyan təyyarələrin bu ölkədə yerə enməsinə icazə verməyib
Ər-Riyad, 21 avqust, AZƏRTAC
Səudiyyə Hava Xətlərinin baş direktoru Saleh əl-Casir bildirib ki, hazırda Səudiyyə Hava Xətləri Həcc ziyarətinə gedən qətərli zəvvarların Dohadakı Həmda beynəlxalq aeroportundan daşınması üçün reyslərin cədvəlini tərtib etməkdə çətinlik çəkir. Bu onunla bağlıdır ki, Qətərin hakimiyyət orqanlarına bu barədə xahişlə müraciət edilməsindən bir neçə gün keçməsinə baxmayaraq bu təyyarələrin Qətərdə yerə enməsinə icazə verilməyib.
AZƏRTAC Krallığın SPA dövlət agentliyinə istinadla xəbər verir ki, Səudiyyə Hava Xətləri qətərli zəvvarların daşınması üçün nəzərdə tutulan reyslərə icazə verilməsi barədə müraciət edib. Həmin reyslərin cədvəli Şeyx Abdulla ibn Əli əl-Taninin vasitəçiliyi ilə İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səudun əmri dərc olunandan dərhal sonra tərtib edilib.
Səudiyyə Ərəbistanında çıxan “Okaz” qəzeti “Saudi Airways” aviaşirkətin nümayəndələrinə istinadla xəbər verib ki, aviaşirkət hər biri 300-dən çox sərnişin tutan yeddi ən müasir layner ayırıb və qətərli zəvvarların Həcc ziyarətinə aparılması üçün Dohadan rəsmi icazə gözləyir.
AZƏRTAC xəbər verir ki, bu il iyunun 5-də Qətər dövləti dörd ərəb ölkəsi (Səudiyyə Ərəbistanı, BƏƏ, Misir və Bəhreyn) tərəfindən blokadaya alınmasına baxmayaraq, Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səudun xoş məram nümayiş etdirərək, Həcc ziyarətinə getmək istəyən qətərlilər üçün quru sərhədinin açılması və onları daşımaq üçün yerli aviaşirkətin təyyarələrinin göndərilməsi barədə sərəncam verib.
Asiya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Ər-Riyad