DÜNYA
Qətər böhranı Almaniya üçün nə ilə nəticələnəcək?
Berlin, 7 iyun, AZƏRTAC
Qətər ətrafında yaranmış böhran neft bazarında sabitliyə mənfi təsir göstərir. Bazar ertəsi və çərşənbə axşamı günlərində “qara qızıl”ın qiyməti tərəddüd edib. “Brent” markalı neftin qiyməti 1 faiz ucuzlaşaraq 1 barrel üçün 49,5 dollar səviyyəsində qərarlaşıb. İnvestorlar və treyderlər narahatdırlar ki, Fars körfəzində yaranmış siyasi gərginlik neft hasilatını məhdudlaşdırmaq üçün OPEK-in səylərini heçə endirə bilər.
Gündə təxminən 620 min barrel neft hasil edən Qətər bu göstərici üzrə OPEK ölkələri arasında ən zəif istehsalçılardan biridir. “AxiTraider”in analitiki Qrek Makkena xəbərdarlıq edir: “Hər halda bu böhran ucbatından karterin daxilində həmrəyliyin sarsılmaq təhlükəsiz çox realdır”.
Neft bazarının analitiki, “Petromatrix”in nümayəndəsi Oliver Yakobs isə “Reuters” agentliyinə müsahibəsində bildirib ki, Fars körfəzindəki böhranın neft bazarı üçün son nəticələri hələ aydın deyil. Yakobs hesab edir ki, yaranmış turbulentlik neft hasilatının azaldılması barədə təxminən iki həftə bundan əvvəl OPEK səviyyəsində bağlanmış sazişin icrasını sual altına ala bilər.
Qaz ehtiyatlarının həcminə görə İrandan və Rusiyadan sonra dünyada üçüncü yeri tutan Qətər həm də maye təbii qazın (MTQ) planetdə ən böyük ixracatçısıdır. Hərçənd, bu münaqişənin MTQ bazarı üçün doğuracağı nəticələri qiymətləndirmək hələ tezdir. “Qazprom”da bildirirlər ki, Qətərdən qaz ixracının sanballı həcmi nəzərə alınsa, böhranın genişlənəcəyi təqdirdə o, “hədsiz neqativ” nəticələr verə və qazın qiymətinə təsir göstərə bilər. Eyni zamanda, Avropada bu təsir bəlkə də hiss olunmayacaq, çünki Avropa MTQ-ni başqa mənbələrdən alır.
Son illərdə Qətər dünyada ən iri sərmayədarlardan birinə çevrilib. O, 300 milyard dollardan artıq investisiya yatırıb. Bu əmirlik, məsələn, Almaniyada “Volkswagen” konsernində və “Deutsche Bank” bankında sanballı pay sahibidir. Digər tərəfdən, Qətər alman investorlar üçün kapital qoyuluşu baxımından cəlbedici yerdir. Belə ki, Doha “Deutsche Bahn” konserni ilə birlikdə bu ölkədə dəmiryollar tikintisi üzrə bir neçə milyard dollarlıq müştərək layihə planlaşdırıb. Konsernin törəmə müəssisəsi olan “DB International” isə Qətərdə nəqliyyat sistemi qurğuları (350 kilometr uzunluğunda şəhərlərarası və 300 kilometr uzunluğunda şəhərətrafı dəmir yollar), habelə paytaxt regionunda metro tikintisini planlaşdırır.
Ekspertlərin fikrincə, regionda yaranmış münaqişənin həmin uzunmüddətli layihələrə necə təsir göstərəcəyi barədə fikir söyləmək hələ tezdir. Onlar qeyd edirlər ki, 3 il bundan əvvəl də Qətərin öz qonşuları ilə diplomatik mübahisəsi yaranmışdı. O vaxt həmin mübahisə az sonra barışıqla başa çatdı.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin