DÜNYA


Qətər: ərəb dövlətlərinin irəli sürdükləri tələblər qəbuledilməzdir

Bakı, 24 iyun, AZƏRTAC

Qətərin hakimiyyət orqanları hesab edirlər ki, ərəb dövlətlərinin onunla kəsilmiş münasibətlərin bərpası üçün irəli sürdükləri tələblər qəbuledilməzdir və yerinə yetirilməsi mümkün deyil.

AZƏRTAC xəbər verir ki, Al Watan qəzetinin yaydığı məlumata görə, bunu əmirlik hökuməti yanında kommunikasiyalar üzrə departamentin başçısı Seyf bin Əhməd Al-Tani bəyan edib. Onun sözlərinə görə, qeyri-qanuni blokadanın terrorçuluqla mübarizəyə heç bir aidiyyəti yoxdur və bu, Qətərin suverenliyini məhdudlaşdırmaq, onun xarici siyasətinə təsir göstərmək cəhdidir.

Qətər XİN-də dünən tələblərin siyahısını aldıqlarını və onlar öyrənildikdən sonra nizamlamada vasitəçi qismində çıxış edən Küveytə rəsmi cavab veriləcəyini təsdiqləmişdilər.

Bir qədər əvvəl Səudiyyə Ərəbistanı, Misir, Birləşmiş Ərəb Əmirlikləri və Bəhreyn Küveytin vasitəçiliyi ilə Qətərə 13 tələbdən ibarət siyahı göndərib. Tələblərin arasında İranla diplomatik münasibətlərin səviyyəsinin aşağı salınması, Türkiyə ilə hərbi əməkdaşlığın dayandırılması, “Əl-Cəzirə” telekanalının bağlanması var. Dohadan, həmçinin bu dörd ölkədə terrorizm ittihamı üzrə axtarışda olan bütün şəxslərin təhvil verilməsi tələb edilir. Bundan başqa, tələbləri irəli sürən ölkələrə pul kompensasiyası ödənilməlidir. Bütün tələblərin yerinə yetirilməsi üçün Qətərə on gün vaxt verilib.

Xatırladaq ki, iyunun 5-də Səudiyyə Ərəbistanı, Misir, Birləşmiş Ərəb Əmirlikləri və Bəhreyn Dohanı beynəlxalq terrorizmi dəstəkləməkdə ittiham edərək onunla diplomatik münasibətləri kəsiblər. Daha sonra Küveyt və Oman istisna olmaqla, digər körfəz ölkələri də onlara qoşulublar.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.