CƏMİYYƏT
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası ilin ikinci rübünə yekun vurub
Bakı, 30 iyun, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası Katibliyinin ilin ikinci rübünün yekunları ilə bağlı toplantısı keçirilib.
Toplantıda çıxış edən Şura sədri, Milli Məclisin deputatı Azay Quliyev rəhbərlik etdiyi qurumun 2015-ci ilin ikinci rübü ərzindəki fəaliyyətini təhlil edib.
A.Quliyev I Avropa Oyunlarının keçirilməsində Şuranın da yaxından iştirak etdiyini və bu istiqamətdə 30-dək QHT layihəsinin dəstəkləndiyini deyib. Bildirib ki, Şuranın dəstəyi ilə beynəlxalq media qurumlarında I Avropa Oyunlarının təbliğinə həsr olunan çoxsaylı materiallar yayılıb. Eyni zamanda, Şura “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunda Ermənistanın Azərbaycana hərbi təcavüzü haqqında elektron məlumat lövhəsi və monitor yerləşdirib. Şuranın Qarabağ haqqında hazırladığı yüzlərlə broşür I Avropa Oyunlarının keçirildiyi müddətdə xarici ölkə vətəndaşlarına paylanılıb. Azərbaycanın mühüm beynəlxalq idman tədbirinə uğurla ev sahibliyi etməsinin çoxsaylı xarici ekspertlər tərəfindən də etiraf olunduğunu deyən Şura sədri bunun gənc müstəqil ölkə üçün böyük uğur olduğunu qeyd edib.
Azay Quliyev deyib: “Azərbaycan bir daha bütün maneələrə, qarayaxma kampaniyalarına baxmayaraq beynəlxalq aləmə böyük miqyaslı layihələri qüsursuz şəkildə icra etməyə qadir olduğunu göstərdi. Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın gərgin əməyinin nəticəsində baş tutan I Avropa Oyunları Olimpiya Hərəkatına və idman leksikonuna “Azərbaycan standartı” anlayışını gətirdi”. O, ölkəmizin beynəlxalq nüfuzunu daha da artırdığına görə Prezidentə və xanımına Şuranın və QHT sektorunun adından minnətdarlığını bildirib.
2015-ci ilin ikinci rübündə cari ilin birinci maliyyə müsabiqəsinin nəticələrinin elan edildiyini deyən Şura sədri layihələrin icrasının effektivlik dərəcəsinin ölçülməsi və onun analizinin yeni meyarlarla aparılması ilə bağlı Katiblik əməkdaşlarına müvafiq tapşırıqlar verib.
Şura Katibliyinin icraçı direktoru Fərasət Qurbanov qurumun bütün strukturlarının 2015-ci ilin ikinci rübü ərzində uğurla fəaliyyət göstərdiyini qeyd edib. Bildirib ki, “Vətəndaş cəmiyyəti” jurnalı və “qhtxeber.az” saytı QHT-lərə informasiya dəstəyini mütəmadi olaraq davam etdirib. F. Qurbanov, eyni zamanda, 2015-ci ilin birinci maliyyə müsabiqəsi çərçivəsində QHT-lərin müqavilə öhdəliklərini tam şəkildə yerinə yetirmələri üçün zəruri işlərin görüldüyünü deyib.
Müşavirədə beynəlxalq şöbənin, mətbuat xidmətinin, mühasibatlıq və maliyyə şöbəsinin rəhbərlərinin və layihə əlaqələndiricilərinin məruzələri dinlənilib.
Toplantıda Şuranın maliyyə dəstəyi ilə hazırlanan filmlərin qiymətləndirilməsi üçün komissiyanın yaradılması haqqında qərar qəbul edilib.