İQTİSADİYYAT
Qeyri-hökumət təşkilatları illik maliyyə hesabatlarını aprelin 1-dən gec olmayaraq Maliyyə Nazirliyinə təqdim etməlidirlər
Bakı, 31 mart, AZƏRTAC
“Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikası Qanununun 29.4-cü maddəsinə əsasən qeyri-hökumət təşkilatları illik maliyyə hesabatlarını aprel ayının 1-dən gec olmayaraq Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim etməlidirlər.
Maliyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, “Qeyri-hökumət təşkilatlarının illik maliyyə hesabatının forması, məzmunu və təqdim edilməsi Qaydası” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 dekabr 2009-cu il tarixli 201 nömrəli Qərarı ilə təsdiq edilmiş və normativ hüquqi akt Maliyyə Nazirliyinin internet səhifəsində yerləşdirilib. Bu Qanunun 31.8-ci maddəsinə əsasən illik maliyyə hesabatlarınız 30 gün müddətində Maliyyə Nazirliyinə təqdim edilməlidir.
Maliyyə hesabatlarının təqdim edilməməsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 247-1-ci maddəsi ilə inzibati tənbeh nəzərdə tutulub.