DÜNYA
Qeyri-leqal siqaret satışı Britaniya büdcəsinə baha başa gəlir
Bakı, 20 iyul, AZƏRTAC
Keçən il Böyük Britaniyanın dövlət büdcəsi qeyri-leqal siqaret satışı ucbatından 1,84 milyard funt-sterlinq itirib.
AZƏRTAC “vergiler.az” saytına istinadla bildirir ki, əgər ölkəyə qeyri-qanuni və ya qaçaqmalçılıqla gətirilən siqaretlər rəsmi qaydada satılsa idi, göstərilən məbləğ qədər əlavə vergi yığılması mümkün ola bilərdi.
2016-cı ildə Böyük Britaniya sakinləri 5,5 milyard “qanunsuz siqaret” çəkmişlər ki, bu rəqəm Avropada ən yüksək göstəricilər sırasındadır. Buna baxmayaraq, hüquq-mühafizə orqanlarının fəaliyyəti nəticəsində ölkəyə qaçaq yolla gətirilən siqaretin kəmiyyəti 17 faiz azalıb.
Böyük Britaniyaya qeyri-leqal siqaret əsasən Polşadan, Belarusdan, Rumıniyadan və Pakistandan daxil olur.
Hesablamalara əsasən, siqaret qaçaqmalçılığına görə Avropa ölkələri il ərzində ümumilikdə 10,2 milyard avro məbləğində vergi yığa bilməyiblər.