İQTİSADİYYAT
Qeyri-neft məhsulları ixracının təşviqi istiqamətində görülən tədbirlər sahibkarların öz məhsullarını ixrac etməyə marağını artırıb
Bakı, 18 aprel, AZƏRTAC
Qeyri-neft məhsulları ixracının təşviqi istiqamətində həyata keçirilən tədbirlər sahibkarların öz məhsullarını ixrac etməyə marağını artırıb, bu isə cari ilin ixrac göstəricilərində də öz əksini tapıb. Belə ki, bu ilin ilk rübündə əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə qeyri-neft məhsullarının ixracı 8,6 faiz (üzən platformanı istisna etsək 32,5 faiz), o cümlədən kənd təsərrüfatı və emalı məhsullarının ixracı 44 faiz, sənaye məhsullarının ixracı isə həmin platformanı istisna etsək 25 faiz artıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə aprelin 17-də Yevlaxda qeyri-neft ixracatçılarının respublika müşavirəsində iqtisadiyyat naziri Şahin Mustafayev deyib.
“Bu dövr ərzində tərəvəz ixracı 45 faiz, meyvə ixracı 20 faiz, pambıq ixracı 3,6 dəfə, süd məhsulları ixracı 3,6 dəfə, spirtli və spirtsiz içki ixracı 2,3 dəfə, emal olunmuş meyvə-tərəvəz məhsulları ixracı isə 39 faiz artıb. Sənaye sahəsində isə kimya sənayesi məhsulları 85 faiz, toxuculuq məmulatları 65 faiz, alüminium və ondan məmulatlar 43 faiz, plastiklər 33 faiz, avadanlıqlar, mexaniki qurğular və hissələri 2,1 dəfə çoxalıb”, - deyə nazir qeyd edib.
Şahin Mustafayev diqqətə çatdırıb ki, qeyri-neft ixracının 45 faizi MDB dövlətləri və Gürcüstanın, 26 faizi Türkiyənin, 12 faizi Avropa İttifaqı ölkələrinin, 4 faizi Çinin, 13 faizi isə digər ölkələrin payına düşüb.