CƏMİYYƏT
Qeysər kəsiyi yeni doğulan körpələrdə piylənmə riskini artırır
Bakı, 7 sentyabr, AZƏRTAC
Bostonda yerləşən Harvard İctimai Səhiyyə Məktəbinin mütəxəssisləri müəyyən ediblər ki, qeysər kəsiyi əməliyyatı ilə dünyaya gələn körpələrdə piylənmə riski 15 faiz yüksəkdir və bu vəziyyət yetkin yaşda da davam edə bilər.
AZƏRTAC “rns.online” saytına istinadla xəbər verir ki, tədqiqatın nəticələri “JAMA Pediatrics” jurnalında dərc edilib.
Tədqiqatın müəllifləri 16 il ərzində 22 mindən çox gənci müşahidə ediblər. Mütəxəssislər bir çox amilləri – bütün tədqiqat boyu bədən kütləsi indeksini, həyat tərzini, anaların yaşını, hamiləlikdən əvvəl qadınların bədən kütləsini və s. nəzərə alıblar. Məlum olub ki, əvvəl qeysər kəsiyi olmuş anaların adi doğuşla dünyaya gətirdiyi uşaqlarda piylənmə riski, əvvəl qeysər kəsiyi və sonra yenə müvafiq əməliyyatı keçirən anaların dünyaya gətirdikləri uşaqlarla müqayisədə 31 faiz azdır.
Alimlərin fikrincə, piylənməyə meyilli olmaqda bir çox amil, o cümlədən gen amili hamı üçün eynidir, lakin doğuş zamanı əməliyyat istisnadır.