DÜNYA
Qəzaya uğrayan “Sevol” bərəsinin kapitanı ömürlük həbs cəzasına məhkum edilib
Bakı, 28 aprel, AZƏRTAC
2014-cü ilin aprelində qəzaya uğrayaraq batan Cənubi Koreyaya məxsus “Sevol” bərəsinin kapitanı Li Çjun Sok ömürlük həbs cəzasına məhkum edilib.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə qərarı Cənubi Koreyanın Kvancu şəhərinin Ali Məhkəməsi çıxarıb. Qərarda faciənin məsuliyyətini kapitanın daşıdığı və onun hərəkətlərinin göyərtədəki insanların ölümünə səbəb olduğu qeyd edilir.
Keçən ilin noyabr ayında prokurorun edam cəzası tələb etməsinə baxmayaraq, Kvancu şəhərinin dairə məhkəməsi Li Çjun Soku 36 il azadlıqdan məhrumetmə cəzasına məhkum etmişdi.
Xatırladaq ki, göyərtəsində 476 sərnişinin və ekipaj üzvünün olduğu Cənubi Koreya Respublikasına aid “Sevol” bərəsi ötən il aprelin 16-da Koreya yarımadasının cənub-qərbində qəzaya uğrayaraq batmışdı. Nəticədə 304 nəfərdən çox insan həlak olmuş, 9 nəfər itkin düşmüşdü. Qəza qurbanlarının əksəriyyəti Ansan şəhərindən dəniz səyahətinə çıxan məktəblilər idi.
Faciəli qəzadan bir ay sonra 69 yaşlı kapitan Li Çun Sok və ekipajın bir neçə üzvü barəsində cinayət işi açılıb. İstintaqın gəldiyi nəticəyə görə, kapitan və ekipaj üzvləri sərnişinləri təxliyə etmək əvəzinə, onlara kayutlardan çıxmamaq əmri verib, özləri isə gəmi-bərəni ilk tərk edənlərin arasında olublar.
Hökumət “Sevol” bərəsini dənizin dibindən qaldırmağı planlaşdırır. Koreyanın İctimai Təhlükəsizlik Nazirliyi bu sahədə işlərə artıq 2015-ci ilin sentyabr aylarında başlanmasının gözləndiyini bildirib. Dəniz İşləri və Balıqçılıq Nazirliyinin hesablamalarına görə, əməliyyatlara təxminən 120 milyard von (110 milyon dollar) vəsait lazım olacaq. Faciənin nəticələrinin tam aradan qaldırılması isə 504 milyon dollardan çox vəsait tələb edir.