İQTİSADİYYAT
Qəzvin-Rəşt-Astara dəmir yolu layihəsinin icrasına lazımi dəstək göstəriləcək
Şimal-Cənub nəqliyyat dəhlizinin bir hissəsini təşkil edən Qəzvin-Rəşt-Astara dəmir yolu layihəsinin icrası sürətləndirilməlidir. Layihənin hər iki tərəf üçün xüsusi əhəmiyyəti nəzərə alınaraq onun tezliklə başa çatdırılması üçün lazımi dəstək göstəriləcək.
Bu fikirləri iqtisadiyyat və sənaye naziri, Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədri Şahin Mustafayev Bakıda səfərdə olan İran İslam Respublikasının nəqliyyat və yükdaşıma nazirinin müavini, İran Dəmir Yolları Birliyinin sədri Möhsün Purseyid Ağayi ilə görüşündə bildirib.
İqtisadiyyat və Sənaye Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, görüşdə nazir Şahin Mustafayev Azərbaycan-İran əlaqələrinin uğurla inkişaf etdiyini, əməkdaşlığın genişlənməsində qarşılıqlı səfərlərin və keçirilən görüşlərin xüsusi əhəmiyyətini vurğulayıb. Bildirilib ki, 2014-cü ildə Azərbaycan və İran prezidentlərinin Davos, Tehran və Həştərxanda keçirilmiş görüşləri, aparılan danışıqlar ölkələrimiz arasında əlaqələrin inkişafına təkan verib. Azərbaycan və İran arasında siyasi əlaqələrin yüksək səviyyədə olması iqtisadi əməkdaşlığın inkişafına əlverişli zəmin yaradıb.
Qeyd edilib ki, Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının bu ilin avqustunda Bakıda keçirilən iclasında əldə olunmuş razılaşmaya uyğun olaraq, nəqliyyat sahəsində əlaqələrin genişləndirilməsi üçün tədbirlər görülür.
Möhsün Purseyid Ağayi ölkələrimiz arasında digər sahələrlə yanaşı, nəqliyyat sahəsində də əlaqələrin uğurlu inkişafını qeyd edib, Qəzvin-Rəşt-Astara dəmir yolu layihəsinin İranda həyata keçirilən prioritet nəqliyyat layihələrindən olduğunu diqqətə çatdırıb. Bakıda keçirilən konfrans çərçivəsində Qəzvin-Rəşt-Astara dəmir yolu layihəsi ilə bağlı müzakirələrin aparıldığını qeyd edən M.P.Ağayi layihənin İran, Azərbaycan və Rusiyanın dəmir yolları sistemini birləşdirəcəyini vurğulayıb.