İQTİSADİYYAT


Qida məhsullarının istehsalçıları və təchizatçılarına Britaniya Standartlar İnstitutunun sertifikatları təqdim olunub

Bakı, 19 may, AZƏRTAC

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) "Qida Məhsullarının istehsalçılarına və təchizatçılarına olan tələblər" mövzusunda keçirilən təlimin iştirakçıları mükafatlandırılıb.

Mərkəzin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, təlimdə uğurla iştirak edən 30 nəfərə Londonda çap olunmuş hər biri özünə məxsus identik nömrəyə malik Britaniya Standartlar İnstitutunun beynəlxalq sertifikatları təqdim edilib.

İİTKM-nin icraçı direktoru Vüsal Qasımlı bildirib ki, bu sahədə fəaliyyət göstərən iştirakçılar təlimdə həm dünya bazarlarının standartlarına aid məlumatlar əldə ediblər, həm də beynəlxalq sertifikata malik olublar.

Aprelin 6-7-də keçirilən təlimin ekspert təminatı 115 illik tarixə malik olan idarəetmə sistemləri üzrə standartlarının yaradıcısı, dünyanın ən nüfuzlu və qocaman sertifikatlaşdırma təşkilatı olan Britaniya Standartlar İnstitutu (BSİ) (www.bsigroup.com) və bu İnstitutun Xəzəryanı ölkələr üzrə tam səlahiyyətli nümayəndəsi "AQS Group" şirkəti tərəfindən həyata keçirilib. Təlimi Britaniya Standartlar İnstitutunun beynəlxalq auditoru və eksperti Mahmud Albekov aparıb.

Təlimdə iştirak edən qida məhsullarının istehsalçıları və təchizatçılarına dünya bazarında qida məhsullarına aid əsas prinsiplər, qida məhsullarının Avropa İttifaqına ixracını tənzimləyən qanun və direktivlər haqqında məlumatlar verilib.

www.azexport.az portalında ixracı təşviq etmək üçün "Azərbaycan Rəqəmsal Ticarət Qovşağı" ("Digital Trade Hub of Azerbaijan") yaradılır. Məqsəd beynəlxalq bazarlara inteqrasiya prosesini sürətləndirməkdən ibarətdir.

Qeyd edək ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin fəaliyyətinin məqsədləri ölkənin dayanıqlı iqtisadi inkişafının təmin edilməsi istiqamətində makro və mikroiqtisadi səviyyədə təhlil və tədqiqatlar aparmaqla, analitik məlumatlar əsasında iqtisadi islahatların həyata keçirilməsi üçün təkliflər, habelə orta və uzunmüddətli dövr üçün proqnozlar hazırlamaqdan, dövlət orqanlarını və qurumlarını həmin proqnozlarla təmin etməkdən, həmçinin iqtisadiyyatın müxtəlif sahələrində Azərbaycan Respublikasının nailiyyətlərinin təbliğini təşkil etməkdən ibarətdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.