MƏDƏNİYYƏT
“Qiraət gecəsi” adlı aksiyada 250 mindən çox fransız iştirak edib
Bakı, 16 yanvar, AZƏRTAC
Fransada Mədəniyyət və Kommunikasiya Nazirliyinin təşəbbüsü ilə “Qiraət gecəsi” adlı aksiya keçirilib.
Beynəlxalq fransız radiosunun verdiyi məlumata görə, ilk dəfə olaraq keçirilən ümummilli mədəniyyət, qiraət və kitab günü – “Qiraət gecəsi” (Nuit de la lecture) böyük uğur qazanıb. 250 mindən çox fransızın iştirak etdiyi aksiyada bütün ölkə üzrə minlərlə kitabxana və kitab mağazası gecə saatlarına kimi fəaliyyət göstərib.
Aksiyaya əlavə olaraq “Muzeylər gecəsi”, “Şerlər gecəsi” və müasir incəsənətə həsr olunmuş “Bəyaz gecə” tədbirləri də keçirilib.
Aksiyaya bütün ölkə üzrə 16 min kitabxana və 3500 kitab mağazası qoşulub, bir neçə min ədəbi və ədəbi-musiqili tədbirlər təşkil olunub. Fransanın cənubundakı Qrenobl şəhərinin aktyorları isə “Qadağan olunmuş kitablar gecəsi” adlı aksiyada müxtəlif məzmunlu əsərlərin oxunuşunu təşkil ediblər.
Fransız kitabı aksiyası, eyni zamanda Çin, Çili, İrlandiya, Rumıniya, Almaniya və İtaliyada da keçirilib.
Qeyd edək ki, ölkəmizdə də ənənəvi olaraq müxtəlif qurumlar tərəfindən belə aksiyalar təşkil olunur.