SİYASƏT
Qırğızıstan mətbuatı Azərbaycanın Dövlət Müstəqilliyi Günü ilə bağlı məqalələr yayıb
Bişkek, 20 oktyabr, AZƏRTAC
Qırğızıstanın “Kabar” Milli İnformasiya Agentliyi və “Ca-news” portalı Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 25 illiyi ilə bağlı məqalələr yayıb.
Azərbaycanın Qırğızıstandakı səfirliyinin təşəbbüsü ilə yayılmış məqalələrdə dövlət müstəqilliyimizin tarixi haqqında danışılır. Bildirilir ki, müstəqilliyin ilk illərində xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyevin müdrikliyi və qətiyyəti sayəsində Azərbaycan qısa müddətdə dinamik inkişaf yoluna qədəm qoyub. Ümummilli lider Heydər Əliyevin siyasi kursunun Prezident İlham Əliyev tərəfindən davam etdirilməsi nəticəsində bu gün Azərbaycan sürətlə inkişaf edən ölkələrdən birinə çevrilib.
Yazılarda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən də bəhs edilir, Azərbaycan ərazisinin 20 faizinin işğal olunduğu, bir milyon qaçqın və məcburi köçkünün öz yurdlarından didərgin düşdüyü diqqətə çatdırılır. Qeyd olunur ki, hələ 1993-cü ildə BMT-nin Təhlükəsizlik Şurası Azərbaycan Respublikasının ərazi bütövlüyünü, suverenliyini dəstəkləyən, Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisindən dərhal, qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnamə qəbul edib. Təəssüf ki, bu nüfuzlu beynəlxalq təşkilatın qərarları indiyədək Ermənistan tərəfindən yerinə yetirilmir.
Məqalələrdə son illər Azərbaycanda aparılan iqtisadi islahatlar, ölkəmizdə keçirilən nüfuzlu beynəlxalq tədbirlər haqqında da ətraflı məlumat verilir.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Bişkek