DÜNYA
Qırğızıstan parlamentinin deputatı: İndidən latın əlifbasına keçidə hazırlaşmasaq, sonra gec ola bilər
Bişkek, 14 aprel, AZƏRTAC
Qırğızıstan parlamenti - Joqorku Keneşin deputatı Kanıbek İmanaliev mərhələli şəkildə kiril əlifbasından latın əlifbasına keçməyi təklif edib.
O deyib ki, indidən buna hazırlaşmaq lazımdır, latın əlifbası üzrə mütəxəssislər hazırlanmalıdır, sonra gec ola bilər.
Onun sözlərinə görə, Azərbaycan çoxdan tam olaraq latın əlifbasına keçib. Türkmənistan və Özbəkistanda bu proses başa çatmasa da artıq dərsliklər, bəzi kitablar latın əlifbası ilə çap edilir. Aprelin 12-də isə Qazaxıstan Prezidenti Nursultan Nazarbayev latın əlifbasına keçidlə bağlı hökumətə tapşırıq verib və bu proses 2025 ildə başa çatmalıdır.
Qeyd edək ki, Qırğızıstan XX əsrin əvvəllərində, sonra isə 1940-cı ilə qədər latın əlifbasından istifadə edib və həmin ildən sonra kiril əlifbasına keçib.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Bişkek