SİYASƏT
Qırğızıstan portalı erməni hərbçilərin azərbaycanlı dinc sakinləri qətlə yetirməsindən yazıb
Bişkek, 8 iyul, АZƏRTAC
Qırğızıstanın “goldenbridgenews” portalında Füzuli rayonunun Alxanlı kəndində Ermənistan silahlı qüvvələri tərəfindən vəhşicəsinə qətlə yetirilən Sahibə Allahverdiyevanın və onun 2 yaşlı nəvəsi Zəhra Quliyevanın həlak olması, Sərvinaz Quliyevanın yaralanması haqqında AZƏRTAC-dan və digər mənbələrdən götürülmüş müxtəlif yazılar yerləşdirilib.
“Elmar Məmmədyarov Bakının narahatçılığını ATƏT-in Minsk qrupuna çatdırıb” sərlövhəli informasiyada deyilir ki, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ATƏT-in Minsk qrupunun həmsədrlərinə Azərbaycan tərəfinin ciddi narahatçılığını çatdırıb. Bildirib ki, Ermənistanın bu təxribatı münaqişə ilə bağlı danışıqlar prosesinin uzadılmasına yönəldilib.
Portal AZƏRTAC-ın “Prezident Aleksandr Lukaşenko cəbhə xəttində azərbaycanlı mülki şəxslərin öldürülməsindən təəssüfləndiyini bildirib” sərlövhəli informasiyasını da yerləşdirib.
Yazılarda qeyd edilir ki, Alxanlı kəndi 82 və 120 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutulub. İki mülki şəxs həlak olub, bir nəfər yaralanıb, mülki obyektlərə ciddi ziyan dəyib.
Portalda rusiyalı deputat Dmitri Savelyevin ikiyaşlı Zəhra Quliyevanın ermənilər tərəfindən qəddarlıqla öldürülməsini pisləməsi ilə bağlı informasiya da yerləşdirilib.
Bildirilir ki, beynəlxalq hüququn norma və prinsiplərinə əməl olunmalı, Azərbaycanın ərazi bütövlüyü ən qısa müddətdə bərpa edilməlidir.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Bişkek