DÜNYA


Qırğızıstanda keçirilən referendum başa çatıb

Bişkek, 11 dekabr, АZƏRTAC

Qırğızıstan Konstitusiyasına düzəlişlər edilməsi ilə bağlı ümumxalq səsverməsi (referendum) başa çatıb.

Qırğızıstan Prezidenti Almazbek Atambayev Bişkekdəki 1209 nömrəli məntəqədə səs verib.

Dövlət başçısı jurnalistlərə bildirib ki, Konstitusiyaya təklif edilən düzəlişlər ölkənin müstəqilliyini daha da möhkəmləndirəcək, demokratiya və xalqın hakimiyyətini gücləndirəcək.

Qırğızıstan Mərkəzi Seçki Komissiyasının sədri Nurjan Şayldobekava deyib ki, ölkədə 2330 səsvermə məntəqəsi fəaliyyət göstərib. O qeyd edib ki, düzəlişlərin lehinə 912 min 268 nəfər səs verib ki, bu da vətəndaşların 79,67 faizi deməkdir. Qırğızıstan qanunlarına görə isə səsvermə hüququ olan vətəndaşların 30,41 faizi səs verdikdə referendum baş tutmuş hesab edilir.

Dəyişikliklər ölkədə parlamentarizmin möhkəmləndirilməsi, Baş nazirin səlahiyyətlərinin artırılması, Baş nazirin və müavinlərinin, eyni zamanda, deputat seçilməsi, məhkəmə sisteminin təkmilləşdirilməsi və digər məsələləri əhatə edir.

Azərbaycan Milli Məclisinin deputatı Musa Quliyev MDB və TürkPA missiyası tərkibində referendumu izləyib.

Azərbaycan Mərkəzi Seçki Komissiyasının nümayəndələri Qabil Orucov, Elşən Əskərov, Arifə Muxtarova və Kəmalə Əliyeva da referendumu izləyən müşahidəçilər arasında olublar.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Bişkek

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.