SİYASƏT
Qırğızıstanın “Kabar” agentliyi ulu öndər Heydər Əliyev haqqında məqalə yayıb
Bişkek, 13 dekabr, АZƏRTAC
Azərbaycanın Qırğızıstandakı səfirliyinin təşəbbüsü ilə Bişkekdəki “Kabar” milli informasiya agentliyi ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti ilə bağlı “Dekabrın 12-si Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anım günüdür” sərlövhəli məqalə yayıb.
Məqalədə bildirilir ki, 13 il əvvəl dekabrın 12-də böyük insan, dahi siyasətçi, Azərbaycanın sabiq Prezidenti Heydər Əliyev vəfat edib. Heydər Əliyev dünya şöhrətli siyasətçi və dövlət xadimi kimi əbədi zirvələr fəth edib. Bu dahi insan Azərbaycanın və digər türkdilli ölkələrin müasir tarixində silinməz iz qoyub. Azərbaycanın 35 illik tarixi bu böyük siyasətçinin adı ilə bağlıdır. Bu illər ərzində Heydər Əliyev xalqla birlikdə ölkəsinin bütün çətinliklərinin öhdəsindən gəlib və Azərbaycanın işıqlı gələcəyinin əsasını qoyub. Azərbaycan xalqının ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatı bu müdrik siyasətçinin adı ilə bağlıdır. Məhz Heydər Əliyevin düşünülmüş, uzaqgörən siyasəti nəticəsində Azərbaycanın müstəqilliyi, dövlətçiliyimiz möhkəmləndi, ölkəmizin beynəlxalq nüfuzu artdı. Buna görə də həmin illər “Azərbaycan tarixində Heydər Əliyev dövrü” adlandırılır.
Bildirilir ki, bu gün Prezident İlham Əliyev Azərbaycanın beynəlxalq mövqeyinin möhkəmləndirilməsi, demokratik islahatlar aparılması, ölkənin sosial-iqtisadi gücünün artırılması, insanların hüquq və azadlıqlarının qorunması istiqamətində ulu öndər Heydər Əliyevin başlatdığı siyasi fəaliyyəti uğurla davam etdirir.
Məqalədə Heydər Əliyevin Qırğızıstana səfərlərindən də bəhs edilir.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Bişkek