SİYASƏT
Qırğızıstanın xəbər portalında Ermənistan ordusunun mülki şəxsləri qətlə yetirməsi ilə bağlı material verilib
Bişkek, 8 iyul, АZƏRTAC
Qırğızıstanın “ca-news” portalında iyulun 4-də Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndini atəşə tutması və mülki şəxslərin həlak olması ilə bağlı xəbər verilib.
Məqalədə bildirilir ki, iyulun 4-də Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndində mülki əhalini və obyektləri 82 və 120 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutması nəticəsində Sahibə Allahverdiyeva və onun nəvəsi 2 yaşlı Zəhra Quliyeva həlak olub. Digər mülki şəxs Sərvinaz Quliyeva yaralanıb və mülki obyektlərə ciddi ziyan dəyib. Bu hadisə Ermənistan dövlətinin terrorçu mahiyyətini bir daha sübut edir.
Yazıda deyilir ki, Ermənistan silahlı qüvvələri tərəfindən cəbhəboyu kəndlərdə yaşayan qadınlara, uşaqlara və ahıllara qarşı hücumların edilməsi mütəmadi xarakter daşıyır. Bildirilir ki, Ermənistan hərbçilərinin Azərbaycanın mülki əhalisini atəşə tutması beynəlxalq humanitar hüququn və insan haqlarının, xüsusilə 1949-cu il Cenevrə Konvensiyası və ona 1 saylı Əlavənin, həmçinin Uşaqların hüquqlarına və insan hüquqlarının müdafiəsi və fundamental azadlıqlara dair Konvensiyanın ciddi şəkildə pozulmasıdır.
Qeyd olunur ki, ATƏT-in Minsk qrupunun həmsədrlərinin regiona səfərindən sonra həmsədrlər və beynəlxalq təşkilatlar substantiv və ciddi danışıqlar yolu ilə status-kvonun dəyişdirilməsinə çağırışlar etdiyi halda, Ermənistan tərəfi dinc sakinlərin və uşaqların qəsdlə öldürülməsinə yönəlmiş alçaq və şərəfsiz təxribatlara əl atır.
Azərbaycan Respublikası dəfələrlə bəyan edib ki, Ermənistan silahlı qüvvələrinin işğal edilmiş Azərbaycan ərazilərində qeyri-qanuni mövcudluğu münaqişə zonasında gərginliyin və insidentlərin yaranmasının əsas səbəbidir və münaqişənin siyasi həllinə başlıca maneədir.
Ermənistanın siyasi-hərbi rəhbərliyinin ATƏT-in Minsk qrupunun həmsədrlərinin və beynəlxalq təşkilatların münaqişənin həlli üçün substantiv danışıqlara çağırışlarına mülki şəxslərin qəddar şəkildə öldürülməsi ilə cavab verməsi bir daha sübut edir ki, həmsədrlər beynəlxalq hüququn norma və prinsipləri və beynəlxalq təşkilatların qərar və qətnamələrinə uyğun olaraq Ermənistandan öz qoşunlarının tezliklə Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması və status-kvonun dəyişdirilməsini tələb etməlidirlər.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Bişkek