REGİONLAR
Qış mövsümündə Qubanı seçən turistlərə yeni marşrut üzrə səyahət təklif olunacaq
Quba, 4 noyabr, Elxan Yusifli, AZƏRTAC
Bu il qış mövsümündə Qubaya dincəlməyə gələn turistləri bir sıra yeniliklər gözləyir.
AZƏRTAC xəbər verir ki, Quba Turizm İnformasiya Mərkəzi rayonda bu vaxta kimi mövcud olan dörd turizm marşrutunun sırasına daha birini də əlavə edib. Bu, əsrarəngiz təbiət mənzərələrini və tarixi məkanları özündə birləşdirən Quba-Alıc turizm marşrutudur.
İndiyədək Qubaya gələn turistlərə dörd istiqamətdə - Quba-Xınalıq, Quba-Xanagah, Quba-Laza, Quba-Afurca marşrutu üzrə səyahət təklif olunurdu.
Rayonda fəaliyyət göstərən istirahət mərkəzlərində qış turizm mövsümünə hazırlıq işləri artıq yekunlaşmaq üzrədir. Ötən ilə nisbətən istirahətə gələnlərə göstərilən xidmət növlərinin sayı artırılıb.
Quba rayonunda yerləşən hotellərdə iki nəfərlik otağın bir günlük qiyməti səhər yeməyi daxil olmaqla, turist üçün minimum 30, maksimim 200 manat təşkil edir. Kənd evlərini seçənlər üçün qiymət 10 manatdan başlayır.