REGİONLAR
Qısa müddətdə iki mindən çox Siyəzən və Xızı sakini səyyar “ASAN xidmət”dən faydalanıb VİDEO
Siyəzən, 9 oktyabr, Elxan Yusifli, AZƏRTAC
Xəbər verdiyimiz kimi, səyyar “ASAN xidmət” sentyabrın 26-dan Siyəzən rayonunda fəaliyyət göstərir. Siyəzən və Xızı rayonlarının 57 minə yaxın sakini Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin xidmətlərindən yararlanmaq imkanı qazanıblar.
Siyəzən səyyar “ASAN xidmət”in qrup rəhbəri Sənan Səmədov AZƏRTAC-a bildirib ki, 14 gün ərzində 2 mindən çox Siyəzən və Xızı sakini göstərilən xidmətlərdən faydalanıb. Vətəndaşlar “ASAN xidmət”ə daha çox notariat fəaliyyəti, şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi, ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi ilə bağlı müraciət edirlər.
Siyəzən və Xızı sakinləri oktyabrın 10-dək səyyar xidmətlərdən yararlana bilərlər. Bunun üçün vətəndaşlar Siyəzən Rayon İcra Hakimiyyətinin şəhər inzibati dairəsi üzrə nümayəndəliyinin yerləşdiyi inzibati binanın yaxınlığında fəaliyyət göstərən Xidmət əməkdaşlarına müraciət etməlidirlər. Səyyar şəkildə göstərilən xidmətlər Ədliyyə, Daxili İşlər nazirlikləri, Dövlət Sosial Müdafiə Fondu və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunur.